"Hər bir vətəndaş ümumi işə öz töhfəsini verməlidir" ÖZƏL-RƏY

"“Fairmont Baku” hotelində baş verən hadisə və bu məsələyə verilən operativ reaksiya əslində əlavə şərhə, daha doğrusu, bu məsələnin siyasiləşdirilməsinə yer qoymurdu. Fəqət qərəzli müzakirələr səngimək bilmir. Qısaca nə baş verib; bir qrup şəxs adıçəkilən hoteldə karantin qaydalarını pozub və bu məsələ ictimailəşən kimi dərhal polis işə müdaxilə edib, qaydaları pozanlar elə ictimaiyyətin gözü önündə cəzalandırılıb". Bunu SİA-ya Əməkdar jurnalist, ekspert Elman Babayev deyib.

Onun sözlərinə görə, amma bu məsələyə hansısa formada siyasi yön vermək, onu hakimiyyətə qarşı çevirmək istəyənlər dayanmaq bilmir: "Bunu o vaxt etmək olardı ki, müvafiq qurumlar məsələyə loyal münasibət bəsləyərdi. Ortada isə tam fərqli mənzərə var: hadisəni törədənlər barədə dərhal tədbir görülüb, hoteldə qayda pozanların kim olmaları işin obyektiv araşdırılmasına təsir göstərməyib. Hadisə ilə bağlı hər hansı qaranlıq məqam yoxdur, müvafiq qurumlar lazımi addımlar atıb, ictimaiyyət məlumatlandırılıb.

Hadisənin və ondan sonrakı proseslərin xronikasına baxmaq yetər ki, kimlərinsə bu prosesi məqsədli şəkildə siyasiləşdirməsi, öz nəfinə yararlanmaq istəməsi aydın görünsün.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət üçün insanların sağlamlığının və təhlükəsizliyinin prioritet olduğunu bəyan edib və hazırda həyata keçirilən siyasətin, reallaşdırılan tədbirlərin əsasında da məhz bu prinsip dayanır. Dövlət başçısı birmənalı olaraq bəyan edib ki, kimliyindən asılı olmayaraq, karantin qaydalarını pozan, insanların həyatına təhlükə yaradan hər bir hal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

Cəzalandırılırmı?

Baş verənlər bunun əksini söyləməyə imkan vermir. Kimliyindən asılı olmayaraq qaydanı pozanların cəzalandırılmasının şahidiyik. Bu istər son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizədə, istərsə də ayrı-ayrı məsələlərə yanaşmada özünü açıq şəkildə göstərir. Neçə-neçə özünü arxalı, toxunulmaq hesab edən şəxslərin bu dalğadan nəsibini aldığı göz önündədir...

Konkret olaraq, karantin qaydalarının pozulması ilə bağlı məsələnin üzərində dayansaq, sosial şəbəkələr və mediada vətəndaşlar tərəfindən yas mərasimləri, şadyanalıqlar təşkil edilməsi, karantin qaydalarının kobud surətdə pozulması hallarına qarşı aidiyyəti orqanların qəti mübarizə apardığına dair faktlar ictimailəşdirilir. Bununla bağlı güzəşti yaxın buraxmayan yanaşma mövcuddur.

Son hadisə də bir daha onu isbat edir ki, qaydaları pozan hər bir vətəndaş, bütün biznes subyekti məsuliyyətə cəlb olunur və onlarla bağlı müvafiq tədbirlər dərhal gerçəkləşdirilir. Ortada bununla bağlı ciddi siyasi iradə var. Bunu görməzdən gəlib insanların karantin dövründə “ağlara”və “qaralara” bölündüyünü iddia etmək heç bir fakta əsaslanmır. Kimlərsə özünü “ağ” sayıb qanunu pozursa cəzasını alır. Bu hakimiyyətin məsələyə obyektiv, heç bir qaranlıq məqam olmadan yanaşmasının əyani göstəricisidir.

Təəssüf ki, həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətini kiçiltməyə və təhrif etməyə çalışanlar öz niyyətlərindən əl çəkmir. Neftin qiymətinin aşağı düşməsindən sevinənlər (Milli Şura) bu gün də koronavirus pandemiyasının yaratdığı çətinliklərdən siyasi dividend qazanmağa çalışırlar. Məsələnin mahiyyətini təhrif edərək yenidən ictimai rəyi çaşdırmaq cəhdləri isə uğursuzluğa məhkumdur. Bir daha sübut olunur ki, bu adamlar pusuda durub hər fürsətdə hakimiyyəti ləkələməklə məşğuldur.

Hamı anlamalıdır ki, virus insanları milli, dini, siyasi mənsubiyyət üzrə ayırmır və hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu gün ümumi işə problem yaratmaq nə etdiklərinin fərqinə varmırlar. Bunu edənlər həm də özlərinin, ailələrinin, yaxınlarının həyatını təhlükəyə atırlar.

Onu da vurğulamaq yerinə düşər ki, bu məsələlərdə bir daha ictimai nəzarətin önəmi önə çıxır. Hər bir vətəndaş qaydaların pozulması hallarına qarşı barışmaz olmalı, pozuntulara yol verənləri qınamalı və məsuliyyətə dəvət etməlidir. İctimai nəzarət ümumi işə töhfə verir və bunun daha da geniş vüsə alması arzuolunandır. Yalnız bu halda cəmiyyətimiz mövcud problemin öhdəsindən gələ bilər.

İş adamları da mövcud duruma adekvat davranmalıdırlar. Dərk etmək lazımdır ki, koronavirusa qarşı mübarizə cəmiyyətin qarşısında duran əsas vəzifədir. Hər bir vətəndaş, kimliyindən asılı olmayaraq, ümumi işə öz töhfəsini verməli, qaydalara riayət etməklə, nizam-intizam, məsuliyyətli davranışla örnək olmağa çalışmalıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...