Azərbaycanın kifayət qədər imkanları, mübarizə əzmi var TƏHLİL

Ötən ili, yəni 2019-cu ili kifayət qədər böyük uğurlarla başa vurduğumuz zaman növbəti, 2020-ci ildə pandemiya bəlası ilə üzləşəcəyimiz, yaxud, iqtisadıyyatımızın bu səbəbdən hansı çətinliklərlə qarşılaşacağı ağıla belə gəlməzdi. Ağıla belə gəlməzdi ki, artıq vüsət götürən islahatlar, sosial istiqamətdə həyata keçirilən inqilabi addımlar kompensasiyalar, müvafiq maliyyə yardımları və güzəştləri ilə əvəzlənə bilər. Amma çox təəssüf ki, bu belə oldu, bu bəla ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir etməyə başladı və bu vəziyyətlə təkcə Azərbaycan deyil, bütün dünya dövlətləri barışmaq məcburiyyətindədir.

İlin ikinci rübü artıq başa çatdı. Bu dövrə olan göstəricilərin dinamikasını, yəni, heç də ötən ilki ilə müqaisədə artacağını söyləmək mümkün deyil. Hətta bu cari ilin mart ayından bəlli idi. Bəlli idi ki, ölkə iqtisadiyyatı üçün bu rübün nəticələri mənfi olacaq və makroiqtisadi sabitliyə dair 2017-ci ildən əldə olunan müsbət dunamika da zəifləyəcək.

Doğrudur, Azərbaycan 2020-ci ilə pis başlamamışdı. Caril ilin ilk iki ayında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən, qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənaye sahəsi 21,7 faiz artmışdı. Həmin dövrə inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz təşkil edirdi və statistik göstəricilər də təsdiq edir ki, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu ilin birinci rübündə dövlət büdcəsinə vergi orqanları tərəfindən 221 milyon, gömrük orqanları tərəfindən isə 91 milyon manat vəsait daxil edilmişdi. Nəticədə isə, dövlət büdcəsinə ümumilikdə 312 milyon manat vəsait daxil olunmuşdu ki, bu heç də az göstərici sayılmırdı. Beləki, əgər bu şəkildə davam edəcəyi təqdirdə ilin yekunlarına olan göstəricilər qənaətbəxş sayıla bilərdi. Yəni, həmin dinamika beləcə davam etsəydi nəinki büdcə vəsaitləri kifayət qədər arta bilərdi, hətta büdcəyə daxil olacaq kənar gəlirlər hesabına əlavə sosial proqramlar da icra oluna bilərdi ki, bu barədə Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində demişdi.

“Sən saydığını say, gör, fələk nə sayır” zərb məsəli bu məqamda çox yerinə düşür və etiraf edək ki, pandemiya ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərdi. Ölkə iqtisadiyyatına mənfi təsirlərin dəfələrlə şahidi olmuşuq. Məsələn, müstəqilliyin hələ ilk illərində, 1997-1998-ci illərdə, ardınca, 2008-2009-cu illərdə, bundan başqa, 2014-2016-cı illərdə böhranla qarşılaşmışıq. Amma etiraf etmək lazımdır ki, beləsi hələ olmayıb və ən acınacaqlı məqam da odur ki, bunun nə vaxt bitəcəyini də proqnozlaşdırmaq qeyri-mümkündür.
Cari ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az ümumi daxili məhsul istehsal edilib. Həmçinin, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 2,1, neft-qaz sektorunda isə 1,2 faiz az qeydə alınıb. Bu ilin yanvar-may aylarında əsas kapitala ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az, yəni 4907,6 milyon manat məbləğində vəsait yönəldilməklə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcminin 19,8 faiz artması fonunda, qeyri neft-qaz sektorunda bu rəqəm 16,7 faiz az olub. Təbii ki, iyun ayının da nəticələrinə nəzərə alsaq, bu rəqəmlərin bir az da aşağı düşəcəyi ehtimalı danışmazdır.

Heç şübhəsiz ki, may ayının ortalarından, daha dəqiq desək, karantin rejiminin yumşaldılmasından sonra bir sıra sahələrdə iqtisadi fəaliyyət bərpa edildi. Əslində, iqtisadi fəaliyyətin bərpa edilməsi nəinki arzu olunan, xüsusilə qeyd etmək lazımdır ki, labüd idi. Çünki, iqtisadi fəaliyyətin bərpası ölkə iqtisadiyyatının pandemiyanın məruz qoyduğu zərərli, mənfi təsirlərdən azad olması demək idi. Məhz bu baxımdan karantin rejiminin yumşaldılması məsələsi gündəmə gəldi. Əfsuslar olsun ki, iqtisadi fəaliyyətin bərpası, karantin rejiminin yumşaldılmasından bəzi vətəndaşların sui istifadə etməsi, qaydalara, qadağalara, tələblərə riayət etməməsi səbəbindən uzun sürmədi. Bu yumşaldılma daha sərt şəraitlə əvəz olundu ki, qeyd etdiyimiz bərpa prosesi ləngiməli oldu. Bir növ, may ayının ardınca iyun ayında proses məhdudiyyətlərlə qarşılaşdı. Məhz bu səbəbdən deyə bilərik ki, bu ilin ikinci rübünün yekunlarında bir qədər əvvəl sadalanan statistik göstəricilərin bir az da aşağı səviyyəyə enəcəyi gözlənilən və məntiqidir.

Bədbin notlar üzərində köklənmək də düzgün olmazdı və heç də hər sahə barədə bunları söyləmək olmaz. Ölkəmizdə müsbət göstəricilər də müşahidə olunub bu dövr ərzində. Məsələn, kənd təsərrüfatında 4 faizə yaxın artım qeydə alınıb ki, bu hal həm də məhsul bolluğu baxımından çox əhəmiyyətlidir. Özü də bu pandemiya dövründə yerli məhsul bolluğunun nə qədər vacib olduğunun güman edirik ki, hər kəs fərqindədir. Qeyd edək ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı da 14 faiz artıb və bu da müvafiq şəkildə olduqca önəmlidir.

Onu da nəzərə almaq lazımdır ki, qeyd olunan dövrdə inflyasiya 3 faiz olub. Bunun fonunda isə, muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 736 manatdan da bir qədər yuxarı olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 26,7 faiz artımdan xəbər verir. Ümumilikdə, əhalinin nominal gəlirləri də buna münasib olaraq, 1,3 faiz artıb.

Qeyd olunduğu kimi, karantin rejimi, ümumiyyətlə pandemiya ilə əlaqədar vəziyyət iqtisadi göstəricilərə öz mənfi təsirlərini göstərməkdədir. Etiraf edək ki, karantin rejimi üçüncü və dördüncü rübdə də tədbiq ediərlsə, digər makroiqtisadi göstəricilərə də mənfi təsirləri qaçılmaz olacaq. Hətta, bu tendensiya son nəticədə valyuta bazarından da rəsirsiz ötüşməyə bilər.

Bütün bunların fonunda, pandemiya şəraitində ölkədə nikbin əhval-ruhiyyəni qorumaq lazımdır və Azərbaycanda buna əsas da var ki, bu əsas da yetərincədir. Əvvəla, nə qədər vəsaitlər xərclənsə də, yəni, istər səhiyyə olsun, istər sosial sahə olsun, istərsə də maliyyə sahəsi olsun, nə qədər vəsait ayrılıbsa da, xərclənibsə də, dövlət büdcəsinin icrasında profisit hələ qalır. Digər tərəfdən, ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin üçüncü rübünün axırınadək müddəti əhatə edir. Bəlkə də, hələ bu uzadıla da bilər, çünki mövcud şəraitlə, pandemiya ilə bağlı vəziyyətin nə qədər davam edəcəyi proqnozlaşdırılmır və bu qeyri-müəyyən müddətə davam edə də bilər.

Bütün bunlarla yanaşı onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Bu fakt özü-özlüyündə imkanlardan, ölkənin potensialından, gücündən, mövcud vəziyyətlə mübarizə əzmindən və ehtiyatlarından xəbər verir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu vəsaitlərdən hələ bu vaxtadək istifadə edilməyib və cari dövlət büdcəsinə də hələ baxılmayıb. Bu isə həm də o deməkdir ki, ölkəmizdə mübarizə tədbirləri üçün ehtiyat hələ kifayət qədərdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə