“BMT-nin missiyasını Azərbaycan həyata keçirir…” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsünü yüzlərlə ölkənin yekdilliklə qəbul etməsi olduqca mühüm hadisədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.

Partiya sədrinin birinci müavini vurğulayıb ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi məsələsi çox önəmlidir.

“Azərbaycan artıq beynəlxalq arenada öz sözünü deyən, öz təkliflərini irəli sürən, öz təşəbbüsləri ilə dünya ölkələrini birliyə və bərabərliyə səsləyən bir dövlət statusuna sahibdir.

Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

Hesab edirəm ki, pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirildiyi bir zamanda dünya ölkələri ilə mövcud durumun müakirəsinə çox ehtiyac var. Cənab Prezidentin bu kimi həssas davranışı hər kəs tərəfindən müsbət qarşılanmaya bilməzdi. Çünki xüsusi sessiyanın keçirilməsi pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir”, deyə Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini vurğulayıb.

Əsli Kazımova eyni zamanda dünyada COVİD-19 pandemiyasının vüsət aldığı gündən etibarən Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslərin irəli sürülməsi ilə bağlı da fikirlərini bölüşüb.

“Bu gün beynəlxalq həmrəylik yolunda BMT-nin görməli olduğu missiyanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyata keçirir… Etiraf etmək gərəkir ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Əslində, Cənab İlham Əliyevin dünya müharibəsi ilə müqayisə ediləcək dərəcədə qlobal dünya problemi olan pandemiyanın hökm sürdüyü bir zamanda beynəlxalq həmrəylik yolunda mütəmadi olaraq, başqa-başqa qurumların onlayn video konfransını təşkil etməsi dünya birliyi adına böyük tövhədir. Bu kimi missiyalar əslində, BMT kimi böyük beynəlxalq təşkilatların işidir. Ona görə də, hesab edirəm Cənab İlham Əliyevin bu missiyası beynəlxalq sülh və təhlükəsizlik adına addım ataraq, Azərbaycanın beynəlxalq arendakı nüfuzuna olduqca böyük divident qazandırmasına nail olacaq!”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...