"Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur" ÖZƏL -AÇIQLAMA

"Bütün dünya ölkələrinin COVID-19-a qarşı mübarizədə birləşdiyi bir zamanda, Azərbaycanın dünyaya sülh mesajı verdiyi bir məqamda Ermənistan, bu təşəbbüsün əleyhinə çıxaraq özünün biabır edərcəsinə seperatçı hakimiyyət üzərində qurulmuş bir dövlət olduqlarını bütün dünyaya nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.

O bildirib ki, 2020-ci ilin may ayının 4-də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi və onun təşəbbüsü ilə 40-dan çox ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Qoşulmama Hərəkatının Təmas Xətti formatında videokonfransı keçirilmiş və bu videokonfrans bütün dünyanı narahat edən COVID-19-a qarşı birgə mübarizə tədbirləri ilə bağlı olmuşdur: "Tədbir "COVID-19-a qarşı birlikdəyik" mövzusu çərçivəsində həyata kerçirilmişdir. Bu, Prezident İlham Əliyevin COVID-19-a qarşı mübarizədə beynəlxalq aləmdə ilk təşəbbüsü deyildi. Ölkə rəhbərinin ilk təşəbbüsü və dünyada da ilk olaraq Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının Zirvə görüşü çərçivəsində edilmişdir. Qoşulmama Hərəkatının Təmas Xətti formatında həyata keçirilən videokonfransında da Prezident İlham Əliyev növbəti bir təşəbbüslə çıxış etmiş və BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı çağırış etmişdir. Çox qürurverici bir haldır ki, bu günə qədər 130-a qədər ölkə rəhbəri təşəbbüsü yüksək qiymətləndirmiş və dəstəkləmişdir. Bu, Azərbaycana və ölkə Prezidenti İlham Əliyevə olan böyük hörmətin və etimadın təzahürü kimi qiymətləndirilir".

Millət vəkili vurğulayıb ki, ölkə Prezidenti hələ ötən ilin oktyabr ayında Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə sədrliyi öz üzərinə götürərkən bəyan etmişdir ki, Qoşulmama Hərəkatının nüfuzunu daha da artırmaq üçün əlindən gələni edəcək və bu təşəbbüs də Qoşulmama Hərəkatının sədri kimi birbaşa onun nüfuzunun artırılmasına, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasətdə, diplomatiyada növbəti uğuru kimi qiymətləndirilir: "Təbii ki, bu, siyasi baxımdan Azərbaycan üçün çox vacib bir məsələ idi. Bu, beynəlxalq aləmdə və siyasətdə növbəti uğurumuzdur. Azərbaycanın COVID-19-a qarşı mübarizə tədbirlərində təkcə milli ruhda deyil, regional və xüsusilə də qlobal ruhda da iştirakı bir daha bütün dünya ölkələri tərəfindən tanınacaq. Bu günə qədər COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmiz 30-a qədər ölkəyə müxtəlif humanitar yardımlar göndərmişdir. Həmçinin, 2 dəfə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar dəstək ayrılmışdır. Bu da Azərbaycanın qüdrətindən və iqtisadi gücündən xəbər verir".

Cavid Osmanov əlavə edib ki, Azərbaycanın bu təşəbbüsünə yalnız bir ölkə, yəni, Ermənistan qarşı çıxıb və bununla da Ermənistan bir daha bütün dünyaya öz məqsədinin və məramının fərqli olduğunu nümayiş etdirib: "Bütün dünya ölkələrinin COVID-19-a qarşı mübarizədə birləşdiyi bir zamanda, Azərbaycanın dünyaya sülh mesajı verdiyi bir məqamda, Ermənistan, bu təşəbbüsün əleyhinə çıxaraq özünün biabır edərcəsinə seperatçı hakimiyyət üzərində qurulmuş bir dövlət olduqlarını bütün dünyaya nümayiş etdirdi.

Qeyd etmək istəyirəm ki, Azərbaycanın bu çağırışının dünya ölkələri tərəfindən dəstəklənməsi ölkəmizə olan böyük etimadın, ölkə rəhbərinə olan etibarın bir təzahürüdür və bu, Azərbaycanın gələcək xarici siyasəti üçün çox əhəmiyyətli, həmçinin, vacib bir hadisə idi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə