“Qadağalara hər kəs əməl etməlidir!” ÖZƏL-MÜNASİBƏT

“Qadağalara hər kəs əməl etməlidir!” ÖZƏL-MÜNASİBƏT

“Karantin rejminin sərtləşdirilməsi sadəcə olaraq, insanların, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçündür”. Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.

Partiya sədrinin birinci müavininin sözlərinə görə, karantin rejminin ölkədə sərtləşməsi ilə əlaqədar tətbiq edilən bütün qadağalara vəzifəsindən asılı olmayaraq, hər kəs əməl etməlidir.

“Covid-19 pandemiyası təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində vüsət alıb və hətta hazırda bir çox ölkələrin iqtisadiyyatı artıq çökmə astanasındadır. Azərbaycanda mübarizə çərçivəsində aparılan bütün tədbirlər proqramı bizə böyük təcrübə qazandırıb. Epidemiyanın yayıldığı bütün ölkələrin praktikasını müşahidə etdiyimiz zaman da müxtəlif istiqamətdə məlumatlar, müvafiq təcrübə əldə etmiş olduq. Bu gün tək bir məqsədimiz var ki, bu da ölkəmizin bu pandemiyanı ən az zərər və ən az insan tələfatı ilə dəf edə bilməsinə nail olmaqdır. Buna isə sadəcə xalqın böyük dəstəyi ilə nail ola bilərik.

Nümunə üçün diqqətə çatdırmaq istəyirəm ki, bir çox ölkələrdə kimliyindən asılı olmayaraq ciddi nəzarət, qadağalar və inzibati cəza tədbirləri tətbiq edilir. İctimai məkanda qoruyucu maskadan istifadə etmədiyi üçün Bolqarıstanın baş naziri Boyko Borisov və onu müşayiət edən nümayəndə heyəti 300 avro məbləğində cərimələnib. Yəni, vəzifəsindən asılı olmayaraq hər kəs qanuna tabedir. Bu da sözsüz ki, xalqın təhlükəsizliyi üçün edilir. Türkiyədə maskasız küçəyə çıxdıqda 900 lirə cərimə tətbiq edilir. Mən tətbiq olunan bu halı dəstəkləyirəm. Hesab edirəm, Azərbaycanda da eyni üsul tətbiq ediməlidir. Cənab Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva ictimaiyyət arasında tibbi maskadan istifadə edir və mən hesab edirəm ki, bu hamımıza örnək olmalıdır.

Əziz xalqım, səbirli və həmrəy olmaq zamanıdır. Biz ancaq o zaman erməniyə də, korona virusuna da qalib gələcəyik”, deyə Əsli kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə