“Bir az da geciksək, səhvlərimizi düzəltmək şansımız olmayacaq” ÖZƏL-MÜNASİBƏT
"Təəssüflə qeyd etmək istəyirəm ki, cəmiyyət təhlükənin miqyasını vaxtında dərk edə bilmədi. TV-lərdə danışdıq, qəzetlərdə, saytlarda, yazdıq ki, koronavirus gözəgörünməz düşməndir, zarafatı sevmir, evdə qalın, özünüzü gözləyin. Amma çox adam qulaqardına vurdu, eşitmədi, eşidən də nəticə çıxarmadı. Bir neçə ay əvvəl oğlu İdlibdə şəhid olan bir türk qadınının sözlərini xatırlayıram. Həmin qadın demişdi ki, şəhid halvası sizin evdə bişmədiyi vaxtadək, halva sizin üçün şirin olacaq. Təəssüf ki, analoji vəziyyət yaranıb. Yaxınlarımız, qohumlarımız koronavirusdan dünyasını dəyişəndən, yarımcan olandan sonra inandıq ki, belə bir xəstəlik mövcuddur. O istənilən vaxt əzizlərimizi əlimizdən ala bilər". Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
"Hesab edirəm ki, keçmişdə buraxdığımız səhvlərdən nəticə çıxarmağın vaxtıdır. Bir az da geciksək, səhvlərimizi düzəltmək şansımız olmayacaq. Bu baxımdan, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarı anlayışla qarşılamaq lazımdır. İnsan həyatı çox qiymətlidir. Onu ikinci, üçüncü, beşinci dəfə almaq şansımzı yoxdur. Və heç kimin də bizim həyatımızı təhlükəyə atmağa haqqı yoxdur. Karantin rejimi ilə bağlı qəbul edilən qərarlar cəmiyyətin maraqlarına xidmət edir. Biz təkcə öz maraqlarımızı deyil, həm də ictimai maraqları əsas götürməliyik. Bir neçə gün əvvəl məni paytaxtda qanunsuz fəaliyyət göstərən bir restorana şam yeməyinə dəvət etmişdilər. Mən nəinki dəvətdən imtina etdim, həm də bu barədə məqalə yazıb, məsələni ictimailəşdirdim. Sonra isə Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, qanunsuz fəaliyyət göstərən obyekt barədə ölçü götürmələrini xahiş etdim. İnanıram ki, ictimai fəallıq, fərdi təşəbbüskarlıq nümayiş etdirməklə, koronavirusla mübarizəyə layiqli töhfə verə bilərik"-deyə, S.Verdizadə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB