"Dünənə kimi, dünyanın koronavirus ilə mübarizə apardığı yarım il ərzində Azərbaycanda bu xəstəliyə inanmayanlar kifayət qədər çox idi. Aparılan sorğular da göstərirdi ki, əhalinin əhəmiyyətli bir hissəsi Covid -19-un təhlükəli olmadığını düşünürdü. Bu səbəbdən bəzi adamlar maska taxmağı, məsafə saxlamağı özlərinə sığışdırmırdılar. Doğrudur,onda vəziyyət fərqli idi. Tutarlı tədbirlər, ciddi qərarlarla ölkə rəhbərliyi virusun yayılmasını buxovlaya bilmişdi. Lakin karantin qaydalarının yumşaldılması situasiyanı mənfiyə doğru dəyişdi". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, bir çoxları fikirləşdilər ki, artıq virus yoxa çıxıb: "Bundan sevinənlər kafelərə, restoranlara, ticarət mərkəzlərinə axışdılar: "Ramazan bayramı günlərində düz 7 gün bölgələrdəki otellərdə, turist məkanlarında, deyilənə görə, iynə atsaydın yerə düşməzdi. Maska, məsafə unudulmuşdu. Yadırğadıqları həyata qovuşduqlarını zənn edən insanlar hər saatın, hər anın dadını çıxarırdılar. Çıxardılar da - infeksiyaya yoluxanların sayı qısa zaman kəsiyində rekord səviyyəyə çıxdı. Operativ Qərargahın dərin təhlillərə əsaslanmayan qərarları, ölkə telekanallarının çal-çağır şouları, zəif marifçilik işi də virusa meydan açdı.
Bu gün xəstəxanalar ağzına qədər dolub, təcili tibbi yardımı çökür, həkim çatışmır. Bir neçə gün əvvəl virusu inkar edənlər indi yaxın ətrafında xəstəliyə tutulanlardan, virusdan dünyasını dəyişən iş yoldaşlarından, qonşularından, əqrəbalarından danışırlar. Bir sözlə, situasiya düşündüyümüzdən də kritikdir. Düzdür, ölkəmizdə səhiyyənin imkanlarını genişləndirmək üçün təcili tədbirlər həyata keçirilir, yeni klinikalar istifadəyə verilir, xəstə çarpayılarının sayı artırılır. Fərd olaraq biz nə etməliyik? Bütün qapalı məkanlarda maska taxmalı, məsafə saxlamalı, gigiyenaya əməl etməliyik. Bu gün bunlar- pandemiyaya qarşı bizim ən etibarlı silahımızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB