Fazil Mustafa Bəxriyar Hacıyevin Əli Kərimlinin nökəri olduğunu iddia etdi QARŞIDURMA

Fazil Mustafa Bəxriyar Hacıyevin Əli Kərimlinin nökəri olduğunu iddia etdi QARŞIDURMA

BQP sədri: “Şəxsimə qarşı çirkin kampaniyanın başında Əli Kərimlinin durduğunu statusunda etiraf etdi”

Bəxtiyar Hacıyevin zaman-zaman radikal müxalifət düşərgəsinin və xarici dairələrin sifarişlərini həyata keçirməsi barədə faktlar kifayət qədərdir. Lakin daha bir məsələ ondadır ki, dövlətçilik maraqlarına qarşı çıxan bu adam özünü aydan arı, sudan-suru kimi göstərməklə anti-Azərbaycan xarakterli şəbəkələrlə iş birliyini gizlətməyə çalışır. Məsələn, polisə qarşı başladılan və nəticəsiz qalan təxribatçı əməllər zamanı onun da bu məsələdə canfəşanlığı əbəs deyildi. Polisin fəaliyyətinə dəstək göstərənləri az qala “düşmən” elan edən bu adam hətta onlara qarşı təhqir və hədyanlarını da gizlətmir.

SİA xəbər verir ki, bu arada, millət vəkili, müxalifətin Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın da polisə dəstəyindən sonra ona qarşı həqarətlər və təhdidlər yağdıran B.Hacıyevin eyni zamanda AXCP sədri Əli Kərimlidən sifariş aldığı da məlum olub. Belə ki, bu barədə elə deputatın özü mətbuata açıqlamasında deyib. Lakin buna qədər iş o yerə çatıb ki, F.Mustafa B.Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Partiya sədri eyni zamanda B.Hacıyevi vətən xaini olmaqda ittiham edir. Hətta onun cinsi problemini qabardaraq, hərbi xidmətə getməkdən yayındığını da açıqlayıb. “Şəxsimə qarşı çirkin kampaniyanın başında Əli Kərimlinin durduğunu statusunda etiraf etdi. Xaricdən qohumları vasitəsilə əxlaqsız kampaniyaya da özünün start verdiyi şübhəsizdir. Buradakı trolları vasitəsilə də yalandan adımıza sözlər uyduraraq sosial şəbəkədə söyüş kampaniyası aparanlara qarşı ən sərt formada mübarizəmiz davam edəcək. Bizim üçün fərq etməz, kimliyindən asılı olmayaraq bu millətin haqqını qarşımıza çıxan bütün yaramazların qarşısında müdafiə edəcəyik. Hakimiyyətə müxalif olan bir qrupun əslində dövlətə qarşı düşmən münasibət sərgilədiyi göz qabağındadır. Bunlara başqa ölkələrin dini qruplarının da dəstək verdiyi üzə çıxdı. Ajiotajları fiaskoya uğrayıb”.

Deputat, qarşı tərəfin cəhdlərinin puç olduğunu bildirib: “Dövlətə qarşı iğtişaş motivinə çevirə bilmədilər”

BQP sədri AXCP sədrinin əlaltısına çevrilmiş B.Hacıyevin əlinə düşən hər imkandan təxribatçılıq, araqarışdıranlıq və qaragüruhçuluq əməlləri törətməsinə işarə edərək deyib ki, polislər cəzalandırılandan sonra zərərçəkmişlərin özlərini qarışdırıcılıq üçün alətə çevirmələrinə yol verməməsi bunları əsəbləşdirib. “Dağıstan məsələsini də dövlətə qarşı iğtişaş motivinə çevirə bilmədilər. İndi də koronavirusun yaratdığı çətinlikləri bəhanə edərək yeni dalğanın baş verməsini gözləyirlər. Bu cür metodlarla Azərbaycan dövlətini sarsıtmanın yolverilməz olduğunu bir daha vurğulayaraq, bu ölkənin inqilabsız, təlatümsüz demokratikləşməsi üçün çalışmalarımız davam edəcək. Əvvəlcə bu koronavirus bəlasını atladaq, intizama əməl edək, ardınca hər kəs öz siyasi davasını sivil yolla aparmağa çalışar", deyə müxalifətçi deputat bildirib.

Fazil Mustafa sürprizlər vəd edir: “Bu bir milli davadır, bu küyə gedənlərə, öz dövlətinin çökməsini arzulayanlara qarşı hələ xeyli sürprizlərim olacaq"

Deputatın bu qalmaqalla bağlı son statusu isə bu cürdür: “Səhifələrə diqqət yetirin, ayrı-ayrı fikirlərimi kontekstdən çıxarıb paylaşanlar, yaxud kampaniyanın içində yer alanlar: fərarilər, milli şuraçılar, qaragüruhçular, farsın nökərləri, sərdarlar, kəramətlər, əli əliyevlər, ağasiflər, qumlar, tozlar - daha kimlər, nələr bir-birinə lojistik dəstək verərək eyni fitin səsi ilə üzərimizə gəlmişlər. Azərbaycan şairi Xətai yaxşı demiş: “Afərin ol başə ki, min başə bir baş oynadır". Diqqət yetirin, bu uca millətə, bu böyük xalqa təhqir sayılacaq bircə cümləmi tapıb çıxara bilmədilər. Yalandan quraşdırırlar, alınmır. Ayrı-ayrı adamlara ünvanlanan sərt və həm də təhqirlərə cavab sözlərimi o üzünə, bu üzünə çevirsələr də yenə bir şeylər tapa bilmədilər. Bilməyəcəklər də. Çünki bunların topasına bu xalqın, millətin dəyərlərindən dərs keçərəm. Məntiqdən xeyli zəifdirlər, böhtanı, şantajı öyrəniblər, onu da səviyyəli aparmağa ağılları yetərli deyil. Hər bir sözümün arxasındayam, söylədiyim hər bir fikir də ancaq millətimin faydasınadır. Karantin dövründə bəzi ifadələrim həqiqətən sərtdir, ancaq bunlar da intizamlı davranmamız üçün vacib olduğuna görə söylənmişdir. Haqlı mövqedə olanda min dənə yararsız başı bir yerə yığıb futbol topuna çevirirsən. Dostlar möhkəm olun, bu bir milli davadır, bu küyə gedənlərə, öz dövlətinin çökməsini arzulayanlara qarşı hələ xeyli sürprizlərim olacaq".

Göründüyü kimi, F.Mustafa sürprizlərinin də olacağını anons edib və buradan həm də belə nəticə çıxarmaq olar ki, həmin sürprzilər istər Ə.Kərimlinin, istər B.Hacıyevin, istərsə də “Milli Şura” adlanan ölü qurumdakı siyasətbazların kəsərli ifşalarıdır. Hər halda, hadisələr də buna doğru getməkdədir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə