"Biz Ermənistana əl uzatmışıq, onlar isə barmaqlarımızı kəsib" ÖZƏL - MÜNASİBƏT

"Biz Ermənistana əl uzatmışıq, onlar isə barmaqlarımızı kəsib" ÖZƏL - MÜNASİBƏT

"Hələ 1918-20-ci illərdə Qaregin Njdenin yaratmış olduğu qondarma dövlət "Artsax Respublikası" adlanırdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov Prezident İlham Əliyevin iştirakı ilə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransında səslənən fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili, Ermənistanın Baş nazirinin tədbirdə çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş "Naqornıy Karabagh" sözünü işlətməsi, ermənicə çıxışında isə "Artsax" sözünü işlətməsinə münasibət bildirib: "Dövlət başçısı Prezident İlham Əliyevin Şərq tərəfdaşlığı ölkələri ilə videokonfrans formatında Nikol Paşinyanla bağlı səsləndirdiyi fikirlərdən bir neçəsini bölüşmək istəyirəm. Hər şeydən əvvəl artıq 90-cı illərin əvvəlləri deyil. Dünyanı aldatmaq mümkün deyil. 70 illik Sovet dönəmində biz xalqlar dostluğunu təbliğ edəndə bizdən fərqli olaraq ermənilər Dağlıq Qarabağın Ermənistana məxsus olması ilə bağlı az qala bütün dünyanı inandıra bilmişdilər. Ermənistan Sovet Sosialist Respublikasından kənarda yaşayan erməni lobbisi, erməni diasporu bizdən fərqli olaraq dünyanı yalan yazılara inandıra bilmişdilər. Bir tərəfdən göz yaşı tökür, o biri tərəfdən isə dünyadan kömək umurdular. Təbii ki, 90-cı illərin əvvəlləri üçün də dünyanın əksər dövlətlərinin düşüncəsində güya Sovet dönəmində, Sovet dövlətinin günahı ucbatından Dağlıq Qarabağ Ermənistana yox Azərbaycana verilib. Düşüncə belə idi. Ancaq bu gün təbii ki, Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi həqiqət ortalığa qoyulur. Azərbaycan tarixçiləri, Azərbycanın siyasiləri həm tarixilik baxımdan, həm siyasilik baxımdan, həm də hüquqi baxımdan bu torpağın Azərbaycanın tarixi torpağı olmasını dünyaya çatdıra biliblər. Dünya da əvvəlki kimi erməni lobbisinin dediklərini qəbul etmir. Bu təbii ki, müasir Azərbaycan dövlətinin uğurudur. Bu uğur həyatımızın bütün sahələrində var".

Anar İsgəndərov əlavə edib ki, 1918-20-ci illərdə bizim Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətimiz mövcud idi və eyni zamanda Cənubi Qafqazda gürcülərin Gürcüstan Respublikası, ermənilərin isə Ararat Respublikası mövcud idi, daha sonra Artsax Respublikası adlanan qondarma bir qurum da yaratdılar:

"Ona görə də ermənilər indi Dağlıq Qarabağı da Artsax Respublikası adlandırırlar. Bu ifadə oradan meydana gəlib. Hələ 1918-20-ci illərdə Qaregin Njdenin yaratmış olduğu qondarma dövlət Artsax Respublikası adlanırdı. Amma bir daha təkrar edirəm ki, 1918-20-ci illərə qədər Azərbaycanın tarixçiləri, ümumiyyətlə, Azərbaycan ziyalıları Ermənistanla münasibətdə səmimiliyi qorumaq istəyirdilərsə, həyat göstərdi ki, bu yalnış düşüncədir. Çünki ermənilər Azərbaycandan kifayət qədər kömək aldı, əvəzində isə düşmən faşist sifətini göstərdi. 80-ci illərin sonlarında 100 minlərlə azərbaycanlı öz tarixi torpaqları olan Qərbi Azərbaycandan qovuldu. Onları qaçqın və köçkünlük həyatı yaşamağa məcbur etdilər. Bununla da kifayətlənməyib Qarabağı, Dağlıq Qarabağı, Aran Qarabağını işğal edərək 1 milyondan artıq Azərbaycan qaçqınının var-dövlətini, əmlakını, evini-eşiyini atlan etməklə, Azərbaycan xalqına müsibətli günlər yaşatdılar. Təbii ki, biz tarixi torpaqlarımızı qaytaracağıq. Üç rəngli bayrağımız orada dalğalanacaq. Digər tərəfdən də erməni məkrinin mahiyyətini dərk etməklə biz artıq onlara üz göstərməyəcəyik. Xeyirxah əlimizi uzatmayacağıq, çünki biz əl uzatmışıq, onlar isə bizim barmaqlarımızı kəsib. Bu tarixin dərsidir və biz tarixdən ibrət götürməliyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə