"AİB müsbət imici olan beynəlxalq banklardan biridir" ÖZƏL-MÜNASİBƏT

"Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava çıxışı zamanı Asiya İnkişaf Bankının COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəklədiyini bildirmişdir. Eyni zamanda o Asiya İnkişaf Bankının Azərbaycanda geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addımların atılmasını, sosial tədbirləri və biznesin dəstəklənməsini alqışladığını qeyd etmişdir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, videokonfransda Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə ölkəmizdə həyata keçirilən sosial dəstək layihələrindən danışaraq bildirib ki, koronavirus pandemiyası ilə bağlı vaxtında görülən tədbirlər sayəsində Azərbaycan minimum itki verib: "Bunu Ümumdünya Səhiyyə Təşkilatının bəyanatları da göstərir. Belə ki, ÜST-ün bəyanatlarına əsasən, Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq".

Eyni zamanda, ölkəmizin başçısı pandemiya dövründə dünya iqtisadiyyatında, o cümlədən onun bir qolu olan Azərbaycanda baş verən iqtisadi problemlərdən danışıb. Bildirib ki, bu gün ölkəmizdə qeyri-formal məşğulluqla ciddi şəkildə mübarizə aparılır. Məhz buna görə də 2020-ci ildə işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb

Videokonfransda Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, pandemiya dövründə 150-dən çox ölkə- maliyyə dəstəyi üçün beynəlxalq maliyyə institutlarına müraciət ediblər. Sevindirici haldır ki, ölkəmiz onların arasında deyil. Ona görə ki, Azərbaycan iqtisadiyyatı üçün ehiyatları qorumaq və artırmaq əsas hədəf olub.

Qeyd etmək lazımdır kı, Asiya İnkişaf Bankı bu sahədə müsbət imici olan beynəlxalq banklardan biridir. 2015-ci ildən başlayaraq Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf edib. Təsadüfi deyil ki, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən böyük beynəlxalq banklar arasında birinci olub. Hazırda isə ikitərəfli əlaqələrdə özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək istiqamətləri üzərində qurulub. Bundan başqa, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlər infrastruktura investisiya yatırmağa kömək etməklə bərabər, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək olmuşdur.

Sonda qeyd edim ki, dünya iqtisadiyyatının dərin böhran keçirdiyi, iqtisadi əlaqələrin minimum səviyyəyə endiyi dövrdə beynəlxalq maliyyə institutları ilə belə təmaslar əlamətdardır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə