"İrəvanla bağlı fikirlər hücumedici diplomatiyanın parlaq nümunəsidir" ÖZƏL - AÇIQLAMA

"Dövlət başçısı Prezident İlham Əliyevin İrəvanla bağlı səsləndirdiyi fikilər əsl hücumedici diplomatiyanın parlaq nümunəsi idi". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının professoru, politoloq Fikrət Sadıxov Prezident İlham Əliyevin Tərtər Olimpia İdman Kompleksinin açılışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti əksər hallarda təxribatçı addımlardan ibarət olub və keçmiş rejimin əvəzinə gələn Nikol Paşinyan komandası heç də keçmiş komandadan fərqli deyil: "Onların mütəmadi olaraq təxribatlar törətməsinin və danışıqlardan yayınmasının əsas səbəbi beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən, əlbəttə ki, bu da Ermənistanı qıcıqlandırır. Çünki, hər kəsin bunu eşitməsi və bununla üzləşməsi Paşinyanı qane etmir. Ermənistanın indiki siyasi istiqaməti sadəcə Azərbaycanla danışıqlarda iştirak etməklə müxtəlif fantastik fikirlər irəli sürməkdən ibarətdir. Ermənistanın siyasi rəhbərliyinin birtərəfli və təxribatçı siyasəti artıq nəinki Azərbaycanı, hətta, ATƏT-in Minsk qrupunun həmsədrlərini də qıcıqlandırır. Artıq, ATƏT-in Minsk Qrupunun həmsədrləri, aparıcı dövlətlərin nümayəndələri birmənalı şəkildə Dağlıq Qarabağda separatçılar tərəfindən, qondarma Dağlıq Qarabağ qurumu rəhbərliyi tərəfindən keçirilən seçkiləri tanımadı və bu əvvəlkilərdən daha sərt şəkildə səsləndi".

Fikrət Sadıxovun fikrincə, beynəlxalq aləm bu seçkiləri tanımamaqla yanaşı seçkilərin keçirildiyi ərazinin qəti surətdə Azərbaycana məxsus olduğunu bildirdi və bütün bunları dinc danışıqlara mane olan proseslər kimi qiymətləndirdi: "Reallıq bundan ibarətdir və əlbəttə ki, dövlət başçısı da kompleksin açılışında bir fikri də səsləndirdi ki, hazırkı İrəvan şəhəri də Azərbaycanın torpaqları kimi vaxtilə ermənilərə verilmiş bir şəhər və ərazidir. Onlar dəfələrlə, uzun illər ərzində Naxçıvanın, Gəncənin, Bakının, Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu bildiriblər və bu fikiləri yazılarında da qeyd ediblər. Düşünürəm ki, dövlət başçısı Prezident İlham Əliyevin İrəvanla bağlı səsləndirdiyi fikilər əsl hücumedici diplomatiyanın parlaq nümunəsi idi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə