"Azərbaycanın həyata keçirdiyi strategiya uğurludur” ÖZƏL-ŞƏRH

"Ümumiyyətlə Azərbaycan dövləti atəşkəs dövründə bütün istiqamətlərdə özünün potensialını gücləndirdi. Xüsusi olaraq strateji həlledici əhəmiyyət kəsb edən iqtisadi, hərbi, diplomatik sahədə Azərbaycanın imkanları əhəmiyyətli dərəcədə artdı. Bugünkü mənzərə isə ondan ibarətdir ki, ilk növbədə Azərbaycanın qüdrətli ordusu var və dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdayıq. İkincisi, Azərbaycanın xarici siyasəti, diplomatik imkanları kifayət qədər genişdir. Azərbaycan müasir beynəxalq münasibətlərində kifayət qədər ciddi mövqelərə malikdir". Bunu SİA-ya millət vəkili, politoloq Elşad Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunduğu məsələləri şərh edərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycan iqtisadiyyatı həm ordunun, həm də diplomatiyanın imkanlarını kifayət qədər genişləndirir: "Təbii ki, bu istiqamətlərdə biz daha geniş və ardıcıl şəkildə fikirlər formalaşdırmalıyıq. Beləki Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemindəki mövqeyi münaqişə vəziyyəti ilə bağlı ədalətli baxışların, yanaşmanın formalaşmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Münqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi getdikcə daha intensiv səslənməkdədir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycanla əməkdaşlıq edən, eyni zamanda münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən subyektlər Azərbaycanın ordusunun imkanları haqqında aydın təsəvvürlərə malikdirlər. Onlar dərk edirlər ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində real addımlar atılmazsa, müharibə qaçılmaz olacaq. Belə olan halda həm regiondakı vəziyyət nəzarətdən çıxacaq, həm də Azərbaycan öz torpaqlarını fərdi yolla azad etmək iqtidarını ortaya qoyacaq. Belə olan halda isə Ermənistanın acınacaqlı vəziyyəti qaçılmaz olacaqdır. Bu baxımdan təbii ki, biz həm dünya miqyasında, həm də daxili auditoriyaya izah etməliyik ki, bu növ münaqişələrin tənzimlənməsi zaman tələb edir. Dünya təcrübəsinə diqqət yetirsək görərik ki, əsasında etnik amilin ərazi amilinin dayandığı münaqişələrin tənzimlənməsi uzun zaman tələb edir. Təbii ki, bu o demək deyil ki, biz bu vəziyyətlə barışmalıyıq və gözləməliyik. Bu əsla belə deyil.

Bu gün Azərbaycan dövlətinin atdığı addımlar ona hesablanıb ki, ən qısa zamanda ərazi bütövlüyümüz təmin olunsun. Sadəcə olaraq başqa bir reallığı da nəzərə almaq lazımdır ki, regionda kifayət qədər təsirli dövlətlərin maraqları var. Bu dövlətlər bir çox hallarda münaqişənin tənzimlənməsi istiqamətində öz imkanlarından istifadə etmirlər əksinə status-kvo vəziyyətinin saxlanılmasını şərtləndirəcək mövqe nümayiş etdirirlər. Azərbaycan öz ərazisinə və əhalisinin sayına görə kifayət qədər güclü bir dövlətdir. Amma nəzərə almaq lazımdır ki, ərazicə, əhalicə Azərbaycandan qat-qat güclü dövlətlər var. Bu dövlətlərlə də münasibətləri normal məcraya yönəltmək və normal səviyyədə saxlamaq şərtilə münaqişənin tənzimlənməsi istiqamətində ədalətli mövqelərimizi, maraqlarımızı təmin edəcək addımlar atmaq vacibdir. Bu baxımdan hesab edirəm ki, bu gün Azərbaycan dövlətinin mövqeyi uğurlu mövqedir. Azərbaycanın həyata keçirdiyi strategiya uğurlu strategiyadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...