ABŞ-dakı proseslərin yaradacağı ağır nəticələr ŞƏRH-ÖZƏL

"ABŞ-dakı ixtişaşların hədəfi həm bir sistem kimi kapitalizmin özünün tarix səhnəsindən silinməsi, həm də Trampın ikinci müddətə prezident seçilməsinin qarşısını almaqdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

ABŞ-ın milli qvardiyalarının ixtişaşları yatırmaqda çətinlik çəkdiyini deyən politoloq söyləyib ki, bu baxımdan baş verənlərin qarşısını almaq üçün ABŞ ordusunun cəlb olunacağını ölkə prezidenti Donald Tramp-da istisna etməyib: "Bildiyiniz kimi, ABŞ-ın 30-a yaxın şəhərində ixtişaşlar ara vermir. "Ağ Ev"ə hücum ciddi məsələdir. Bunu inqilab və ya çevriliş cəhdi kimi də qiymətləndirmək olar. Marksistyönümlü ideologiyaya söykənən, radikal sol təmayüllü təşkilatların xüsusi canfəşanlığı diqqəti cəlb edir".

N. Məmmədova qeyd edib ki, Co Bayden və Donald Tramp arasında seçkinin nəticəsi bu hadisədən çox təsirlənəcək: " Prezident Trampın etirazçılara qarşı ən sərt tədbirlər görməyə çağırışı isə onun seçicilərini ikiyə bölüb. ABŞ bu hadisələrin öhdəsindən gələ bilməsə, onun gələcəkdə parçalanması qaçılmaz olacaq. Pandemiyadan sonra dünyada hiperinflyasiya gözlənilir və sərmayənin ABŞ-dan Çinə daşınması ehtimalı var. ABŞ Çinə təzminat davası açmaq istəyirdi və bu hadisələr Çinin ABŞ-ı qabaqlamaq cəhdi kimi də qiymətləndirilir. Lakin ABŞ-ın bu hadisələrdən dərin siyasi, iqtisadi və s. cəhətdən sarsılacağı inandırıcı görünmür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə