"AİB Azərbaycanın çoxsaylı infrastruktur layihələrini dəstəkləyib" ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə aktiv və uğurlu xarici siyasət həyata keçirir. Bu səbəbdən Azərbaycanın nüfuzu dünyada getdikcə daha da güclənir. Regionda və dünyada Azərbaycana inam və güvən daha da artır”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətində beynəlxalq qurumlarla əməkdaşlıq xüsusi yer tutur: “Bu dövrdə Azərbaycan özünə qapanmayaraq pandemiya ilə mübarizədə beynəlxalq səylərə də dəstək verməyə çalışdı. 15-ə yaxın ölkəyə yardım etdi, dəstək verdi. Videokonfrans formatında bir neçə beynəlxalq mühüm tədbirin təşkilatçısı oldu. Türk Şurasının və Qoşulmama Hərəkatının toplantısı bu qəbildən olan tədbirlərdəndir. Bu eyni zamanda, beynəlxalq aləm tərəfindən ölkəmizə verilən önəmin, göstərilən etimadın göstəricisidr.

Bildiyiniz kimi, Azərbaycan və Asiya İnkişaf Bankı son 20 ildə sıx şəkildə əməkdaşlıq edib. Asiya İnkişaf Bankının illik toplantısı 2015-ci ildə Bakıda yüksək təşkilatçılıqla keçirilib. Bu bankın ölkəmizə ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötüb. Kifayət qədər böyük rəqəmdir. Bu qurum Azərbaycana həmçinin, infrastruktura investisiya yatırmağa kömək edib, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəkləyib. Həmçinin, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi tamamlanmaq üzrədir, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb.

Azərbaycan Asiya İnkişaf Bankı ilə suvarma və təhsillə bağlı layihələrin icrasında da əməkdaşlıq edir. Getdikcə bu əməkdaşlığın əhatə dairəsi daha da genişlənir. Bu da öz növbəsində hər iki tərəfin inkişafına öz töhfəsini verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə