"Asiya İnkişaf Bankı ilə Azərbaycanın əlaqələri alqışlanmalıdır” ÖZƏL-MÜNASİBƏT

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Elman Məmmədov bunları deyib: "Ümumiyyətlə nəinki Asiya İnkişaf Bankı, eləcə də bütün beynəlxalq qurumlar etibar etmədikləri, dayanlıqlı vəziyyətdə olmayan, stabil olmayan ölkələrə, dövlətlərə, təşkilatlara heç bir yatırım etmirlər, kredit vermirlər və onlarla əməkdaşlıq etmirlər. Deməli Azərbaycan o sahədə etibarlı tərəfdaş kimi özünü təqdim edə bilib və beynəlxalq təşkilatların etimadını qazana bilib. Ona görə də əməkdaşlıq günü-gündən genişlənir və bundan sonra da genişlənəcək. Hesab edirəm ki, ötən gün keçirilən videokonfrans da yüksək səviyyədə dəyərləndirilməlidir. Bu ölkəmizin, dövlətimizin inkişafının xeyrinədir. Bu gün Azərbaycan regionun lider dövlətidir. Sadaladığım göstəricilərlə Azərbaycanla Ermənistanı müqayisə belə etmək olmaz və bu gülünc doğurar. Ermənistan bu sahədə həddinən artıq çox geridə qalmış və etibarsız bir partnyor kimi tanınır. Bu gün işğalçı ölkənin iqtisadiyyatı və bütün bank sistemi dağınıq vəziyyətdədir. Bir sözlə, mən Asiya İnkişaf Bankı ilə Azərbaycanın əlaqələrini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu əməkdaşlıq alqışlanmalıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə