“Azərbaycanla iş birliyinə olan marağın arxasında xalqın Prezidentə inamı durur”

Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə bu cür beynəlxalq etimad təzə bir şey də deyil, təəccüblü də deyil, çünki, uzun illərdir Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həqiqətən də ən etibarlı beynəlxalq tərəfdaş kimi özünü təsdiq edib. Bu sözləri SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, istənilən beynəlxalq təşkilat, bu bank da ola bilər, bu böyük biznes də ola bilər, bu beynəlxalq dövlətlərarası təşkilat da ola bilər, Azərbaycanla açıq şəkildə iş birliyində maraqlıdır.
"İstənilən təşçkilat əmindir ki, Azərbaycanla iş birliyi qarşılıqlı faydaya səbəb olacaq. Eyni zamanda, Azərbaycan istənilən beynəlxalq təşkilatla hərhansı iş birliyinə gedərsə, üzərinə götürdüyü öhdəlikləri nöqtə və vergülünə qədər yerinə yetirəcək. Bu, sadəcə olaraq Cənab İlham Əliyevin etibarlılığı məsələsi də deyil. Bunun arxasında böyük iqtisadi güc durur, Azərbaycan xalqının Prezidentə olan inamı durur, bütövlükdə Azərbaycan dövlətinin və dövlətçiliyinin iradəsi durur. Yəni, xarici ölkələrdəki təşkilatlar, xüsusilə də bank, maliyyə işi ilə məşğul olan təşkilatlar ki, həmin təşkilatlar bir qəpiklərindən belə keçməyə heç zaman imkan verməzlər, Azərbaycanın nə qədər etibarlı, dayanıqlı tərəfdaş olduğunu çox gözəl bildiklərinə görə, özləri çox zaman təşəbbüs edərək bizim dövlətimizlə iş birliyinə cəhd göstərirlər. O baxımdan adı çəkilən görüş də, videokonfrans şəklindəki görüş də həmin məqamlardan qaynaqlanır. Yəni, biz əslinə qalanda bütün bu cür məsələlərdə Azərbaycanın mövqelərinin həm də getdikcə daha da möhkəmləndiyinin şahidi oluruq. Əgər, bank, maliyyə sektorunun önündə gedənlər davamlı şəkildə bir ölkəyə, bir dövlətə etimad göstərirlərsə, bu o deməkdir ki, onların əlində bu dövlətin inkişafının dayanıqlılığı, sabitliyinin dayanıqlılığı haqqında proqnozlar var. Yəni onlar əmindirlər ki, yaxın illərdə, ən azı yaxın onillikdə bu dövlətin sabitliyi, bu dövlətin dayanıqlılığı pozulmayacaq. Bax elə ona görə də Azərbaycan Prezidenti ilə, Azərbaycan dövləti ilə iş birliyinə bu qədər maraq göstərilir", deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə