"Azərbaycanın məsələni hərbi yolla həll etmək üçün bütün imkanları var" RƏY-ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün salınmış və 1336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir neçə mesaj verdi. Dövlət başçısı bildirdi ki, məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri müvəqqəti xarakter daşıyır. Danışıqlar prosesi çərçivəsində mərhələli həll variantı müzakirə edilir. Bu gün Azərbaycanın müasir silahla təchiz olunmuş, yüksək döyüş qabiliyyətli peşəkar ordusu vardır. Azərbaycan ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik". Bu fikirləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və birdəfəlik, tam həll olunmalıdır: "Bu gün müzakirə edilən və danışıqlar masasında olan məsələ də məhz mərhələli həll variantıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz çıxışında bildirib. Ermənistanın rəhbərliyi öz populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Ermənistanın siyasi “elita”sının danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və öz daxili auditoriyalarına hesablanmış ​ yalanlar söyləməkdə davam edir. Iakin qeyd etmək lazımdır ki, Ermənistanın rəhbərliyi burada da riyakarlıq edir, öz xalqını və vasitəçiləri aldatmaq istəyir".

İ. Hüseynov qeyd edib ki, problemin mərhələli həldən başqa, heç bir həll variantı mümkün deyil: "Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunmalıdır. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar prosesində ölkəmizin milli maraqlarına uyğun nəticə əldə olunmasa, Azərbaycanın məsələnin hərbi yolla həll etmək üçün bütün imkanları var. Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Eyni zamanda, bu məsələdə düşünülmüş addımın atılması çox önəmlidir. Bunun üçün də biz daha güclü olmalı, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə