"Qarşıda görüləsi işlər kifayət qədər çoxdur" ÖZƏL-RƏY

“Bu gün dünya iqtisadi və maliyyə böhranı yaşayır. Amma ölkəmizdə cənab İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayan sosial-iqtisadi inkişaf eyni templə davam etməkdədir. Bu inkişaf dövlətə imkan verir ki, öz vətəndaşlarının, xüsusilə də onların ən həssas hissəsi olan qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirsin. İndiyədək bu kateqoriyadan olan 300 mindən çox insanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması dediklərimizə sübutdur. Dövlət başçısının söylədiyi kimi,”məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur”. Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.

Qarşıda görüləsi işlərsə kifayət qədər çoxdur. Prezident bunun anonsunu da verib: “Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq”.

Deputat bildirib ki, pandemiya, neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsində inkişaf tempi qorunub saxlanılır. Aparılan islahatlar insan amilinin yüksəlişinə xidmət edir. İqtisadiyyatla bərabər sosial sahələr də inkişaf etdirilir. Görülən hər iş, qəbul edilən hər qərar “sosial dövlət” konsepsiyasına sadiqliyin təsdiqidir. Cənab İlham Əliyev ölkəmizin inkişafı, xalqımızın sosial rifahı naminə fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu uğurla nümayiş etdirir. Belə bir liderin rəhbərliyi altında Azərbaycan hələ bundan da gözəl günlər yaşayacaq. Xalqa və dövlətə şərəfli xidmət bunu zəruri edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə