"Ölkə sahibkarları üçün dəstək mexanizmləri işə salınıb" ÖZƏL-MÖVQE

“Ümumiyyətlə, ölkəmizdə 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilib. Bu, hər şeydən əvvəl, o deməkdir ki, dövlətlə sahibkarların vəhdəti istənilən problemin öhdəsindən gəlməyə qadirdir. Bu, həm də o deməkdir ki, bu gün hər bir sahibkar, şirkət sahibi yaxşı dərk edir ki, ölkəmizdə biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

“Belə ki, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması sahibkarların, özəl şirkətlərin imkanlarını daha da genişləndirib. Yeri gəlmişkən, bunu bir neçə mötəbər beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd ediblər. Burada bir məqama da toxunmaq istərdim. Koronavirusun cövlan etdiyi çətin şəraitdə Azərbaycan ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salıb, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər də nəzərdə tutub. Elə həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır. Onlar, həmçinin sosial məsuliyyəti də lazımi səviyyəyə qaldırmağa çalışırlar və buna da artıq nail olurar. Onlar bununla həm də dövlətə yardım göstərirlər. Şübhəsiz, sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından da olduqca əhəmiyyətlidir”, - deyə, A.Badamov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə