“Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi "Miqrantların qeydiyyat problemləri" mövzusunda dəyirmi masa keçirib.

SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev, icraçı direktoru Məhərrəm Zülfüqarov, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev tədbir haqqında geniş məlumat verib. Onun sözlərinə görə, dəyirmi masanın keçirilməsində əsas məqsəd mövcud problemləri ictimaiyyətə çatdırmaq, onların səbəbləri və həlli yolları barədə müzakirə aparmaq, tövsiyələr hazırlamaqdır. Sədr bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız xaricə o cümlədən, Azərbaycana çıxmaq üçün çox çətinliklərlə üzləşirlər: "Gürcüstan Respublikasında əvvəllər və hazırda Azsərbaycan məktəblərinin və orada təhsil alan şagirdlərinin sayı arasında olan fərq miqrasiyanın səbəblərini tam şəkildə açıqlayır. Gürcüstanda 1989-2009-cu illərdə 59 Azərbaycan bağlanıb, 3430 müəllim və 22363 şagird məktəbdən gedib. Bu da soydaşlarımızı miqrasiya etmək məcburiyyətində qoyur".

Birliyin icraçı direktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçən əmək miqrantlarının sayı 4161 nəfərdir: "Hazırda Xraxoba kəndində 280 nəfərdən artıq Rusiya vətəndaşı yaşayır və yaranmış problemlərin həlli üçün ilk öncə burada yaşayan sakinlərin status məsələsi öz həllini tapmalıdır. Həmin 2 kəndin sakinləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da digər miqrantlar kimi Rusiya vətəndaşı olduqlarından onlara da müvəqqəti əmək miqrantı statusu verilməli, ya da ölkədən deportasiya edilməlidir".

Qeyd edək ki, tədbirin sonunda qonaqlar mövzu ətrafında müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə