Naxçıvanın güclü bir istehkama çevrilməsi düşməni narahat edir - ŞƏRH

"Son vaxtlar Naxçıvanın güclü bir istehkama çevrilməsi və yeni texnikalar düşməni narahat edir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

O bildirib ki, son vaxtlar ermənilərin istər Qazax, istərsə də Naxçıvan istiqamətində törətdikləri təxribatlar məqsədyönlü xarakter daşıyır: "Dağlıq Qarabağ istiqamətində təmas xətti deyilən ərazilərdə bu təxribatların beynəlxalq səviyyədə hüquq pozmaları kimi hay-küyə səbəb olması mümkün deyil. Çünki erməni qoşunları işğal olunmuş Azərbaycan ərazilərində suverenliyimizi pozublar və heç bir dövlət cavab atəşi və ya hərbi əməliyyatlara görə bizə irad tuta bilməz. Naxçıvan və Qazax istiqamətində isə ermənilərin əsas məqsədi təxribatlara KTMT-nin üzvü kimi Rusiyanı qataraq dövlət sərhəddində atəşkəsin pozulması faktını qabartmaqdır. Lakin bu da alınmır və dərhal susdurulurlar. Yəni bu, bir taktiki gedişdir".

A.Nağıyev vurğulayıb ki, son vaxtlar Naxçıvanın güclü bir istehkama çevrilməsi və son hərbi təlimlərdə nümayiş etdirilən yeni hərbi texnikalar da düşməni narahat edir: "Yəni iqtisadiyyatda tənəzzülə hər hansı bir bəhanə donu geyindirmək və erməni vətəndaşının başını belə işlərlə qatmaq istəyi də istisna olunmur".

Deputat bildirdi ki, son vaxtlar hərbi və diplomatik sahədə Azərbaycanın atdığı müsbət addımlar Ermənistan rəhbərliyini qıcıqlandırır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...