Müstəqil Azərbaycan; Liderliyin Heydər Əliyev Zirvəsi - MÖVQE ÖZƏL

“Yer kürəsində 2 mindən çox xalq yaşayır. Amma onlardan çox azının özünün müstəqil dövləti var. Hesablamalara görə dünyada 245 ölkə var ki, hazırda onlardan yalnız 193-ü rəsmi tanınan dövlətdir. Biz də bəxti gətirmiş xalqlardanıq ki, bu gün müstəqil dövlətimizin üçrəngli bayrağı ən mötəbər beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanır. Bu, olduqca qürurvericidir, həm də ona görə ki, müstəqillik tariximizin bir əsrdən artıq yaşı var. 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Ötən əsrin əvvəllərində Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya elan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Amma onu qorumaq və əbədi etmək,təəssüflər olsun ki,mümkün olmadı. Ölkəmizin müstəqilliyini gözü götürməyən qüvvələr onu elə beşiyindəcə boğmağa nail oldular. XX əsrin sonlarında Azərbaycan xalqı yenidən, artıq ikinci dəfə öz dövlətinin müstəqilliyini elan etdi, əsrin əvvəllərində enmiş olan bayrağını yenidən başı üzərinə qaldırdı”. SİA-nın məlumatına görə bunu açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, bu dəfə də tarixin amansızlığı özünü çox gözlətmədi: “Müstəqil dövlətimizin başının üstünü qara buludlar almağa başladı. Ermənilərin əsassız torpaq iddiaları ilə vəziyyət daha da gərginləşdi. Tarix göstərdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə,onu qoruyub əbədi və dönməz bir yola çıxarmaq qat-qat artıq çətin işdir. Və bu keşməkeşi əsrin sonlarında artıq ikinci dəfə öz azadlığına, süverenliyinə qovuşan Azərbaycan yaşadı. Hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün dövlətçilik təcrübəsinin olmaması, idarəetmədə yol verilən əyintilər, naşı, savadsız, təsadüfi adamların məsul vəzifələrə irəli çəkilməsi, özbaşınalıq, anarxiya ölkədə son dərəcədə ağır durumun yaranmasına səbəb oldu. Azadlıqdan, müstəqillikdən gözləntiləri doğrulmayan xalq getdikcə ağırlaşan sosial vəziyyətdən, iqtisadi durumdan yana narazılıqlarını açıq şəkildə ifadə etməyə başladı. Bu azmış kimi, qeyri-qanuni silahlı dəstələrin düşmənlə döyüş bölgəsində deyil, arxada yaratdıqları gərginlik də onsuz da tarıma çəkilmiş əsəbləri daha da gərirdi. Nə qədər acınacaqlı olsa da,ölkənin vətəndaş müharibəsi kimi son dərəcə qorxulu və təhlükəli olan dəhşətli bir mərhələyə qədəm qoyması an məsələsi oldu. Və ölkəni başdan-başa bürüyən böhranlı vəziyyətin qarşısının vaxtında alınmaması qanlar bahasına əldə edilən müstəqilliyin itirilməsi demək idi. Məhz bu cür çətin məqamda Azərbaycan ziyalıları meydana atıldılar,xalqın da istəyini ifadə edərək ən düzgün mövqe nümayiş etdirdilər”.

Deputat bildirib ki, “91-lər” in müraciəti xalqımızın tarixinə elə bir töhfənin bəxş edilməsinə səbəb oldu ki, bununla da Azərbaycan məhv olmaq təhlükəsini dəf edə, az bir zaman ərzində güclü yüksəliş yoluna çıxa bildi: “Uzaqgörən, mövcud durumu soyuq ağılla dəyərləndirən “91-lər”-tanınmış alimlər, ictimai-siyasi xadimlər, el ağsaqqalları-ölkənin xilası üçün doğru yolu,doğru ünvanı göstərdilər-Ulu Öndər Heydər Əliyevi yenidən respublikaya rəhbərliyə çağırdılar, bunu ondan təkidlə tələb etdilər. Heydər Əliyevə bitib-tükənməyən xalq məhəbbəti öz rolunu layiqincə oynadı, xalq bir oldu, yumruq oldu, öz xilaskarının ətrafında sıx birləşdi. Bundan sonra ölkədə elə köklü dəyişikliklər baş verdi ki, dünya bir daha Heydər Əliyev dühasına heyran qaldı. Bütün dünyada yüksək nüfuz və səmimi hörmət sahibi olan Heydər Əliyev az vaxt ərzində müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi istiqamətində onillərə bərabər işlərin həyata keçirilməsiinə nail oldu. Heydər Əliyevin daxili və xarici siyasətdəki uğurları Azərbaycan insanında sabaha inam hissini daha da artırdı. Xalq əzəmətli bir dağ kimi ona arxalandı, ideyaları ilə silahlanıb müəyyən etdiyi hədəflərə doğru onunla birgə addımladı”.

İ.Məmmədov vurğulayıb ki, bu xalq böyük xalqdır, xoşbəxt xalqdır: “Ona görə ki, tarixinin ən həssas dönəmində Allah ona Ulu Öndər Heydər Əliyev kimi bir xilaskarını yetirdi. Bu xalq bir də ona görə xoşbəxtdir ki, ulu rəhbərinin cismani yoxluğundan sonra da gördü ki, “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Çünki xalq bu dəfə özünün və ölkəsinin taleyini Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyevə etibar etmişdi. 2004-cü ildən başlayaraq isə, sözün həqiqi mənasında müstəqil Azərbaycanın həyatının bütün sahələrini təməlində ulu Heydər Əliyevin ideya və arzularının durduğu, güclü bir yenilənmə, müasirləşmə bürüdü. Həyata keçirilən nəhəng dövlət proqramları ölkəni qarış-qarış inkişaf etdirdi, xalqın rifah halının yaxşılaşmasına şərait yaratdı. Güclü və dayanaqlı iqtisadiyyat Azərbaycanı regionun lider dövlətinə çevirdi. Cənab Prezidentin yürütdüyü müstəqil və balanslı siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəltdi. Bunu təsdiq edən məqamlardan birinə günlərdir ki, hamımız şahidlik edirik. Uzaq-yaxın ölkələrin rəhbərləri, dünyaca ünlü ictimai-siyasi xadimlər ölkəmizin rəhbərini və xalqımızı Respublika günü münasibətilə təbrik edir, ən xoş arzularını bildirirlər. Azərbaycan müstəqil dövlət olaraq iri addımlarla işıqlı bir gələcəyə doğru addımlamaqdadır. Azərbaycan vətəndaşı şad və məmnundur ki, bu müqəddəs yolun ideya müəllifi Ulu Öndər Heydər Əliyev, ilhamvericisi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Şüar isə birdir və aydındır: İlhamla irəli!”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə