"Müxalifətin parlament rəhbərliyində təmsil olunması önəmli addımlardır" RƏY-ÖZƏL

"Prezident Ilham Əliyevin 2016-cı il referendumundan sonra bəyan etdiyi və 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra həyata keçirilməsinə start verdiyi islahatlar indiki pandemiya şəraitində də uğurla davam etdirilir. Dövlət həyatının bütün sferalarını əhatə edən dəyişikliklər daxili siyasi proseslərdən də yan keçmədi. Hakim siyasi partiyanın sədri olan ölkə başçısı bu müstəvidə də açılım elan etdi və bütün siyasi qüvvələr, o cümlədən, radikal fəaliyyətləri ilə seçilən siyasi təşkilatlar da dialoqa dəvət edildi. Bu təmasların daimi olması üçün Prezident Administrasiyasında yaradılan yeni- Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkənin siyasi spektri ilə ünsiyyəti davamlıdır və xeyli müsbət nəticələr əldə edilib". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib. O bildirib ki, partiyaların böyük əksəriyyətinin Prezidentin islahatlar kursuna dəstək verməsi buna əyani sübutdur. M.Səfərli söyləyib ki, "AXCP və "Müsavat" rəhbərlərinin siyasi əlaqələrdən imtina etməsi cəmiyyət tərəfindən başa düşülən deyil: " Hərçənd ki, həmin partiyaların sıravi üzvləri arasında iqtidar - müxalifət dialoqunun tərəfdarları da çoxdur. Zənnimcə, hazırkı siyasi proseslərdən kənarda qalmaq sözügedən təşkilatların daha da zəifləməsinə, strukturlarının dagılmasına rəvac verir". Partiya sədri vurğulayıb ki, yeni siyasi münasibətlərin formalaşmasında partiyaların qeydiyyata alınması məsələlərinin yüngülləşdirilməsi, siyasi arenaya yeni təşkilatların gəlməsinə uyğun şəraitin yaradılması, müstəqillik tariximizdə ilk dəfə olaraq, müxalifət nümayəndələrinin parlament rəhbərliyində təmsil olunması önəmli addımlardır: " Söz yox ki, cəmiyyətimizin daha da demokratikləşməsinə, ictimai-siyasi sabitliyin möhkəmlənməsinə xidmət edən bu islahatlar ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin artmasına da öz layiqli töhvəsini verir".

Bütün xəbərlər Facebook səhifəmizdə