Qızıl və gümüş medal alacaq şagirdlərin siyahısı mərkəzləşdirilmiş test imtahanlarının nəticələrindən sonra məlum olacaq

Qızıl və gümüş medal alacaq şagirdlərin siyahısı mərkəzləşdirilmiş test imtahanlarının nəticələrindən sonra məlum olacaq
"Məktəbi tam əla qiymətlərlə bitirən şagirdlərə qızıl və gümüş medalların verilməsi ilə bağlı qərar Təhsil Haqqında Qanunda öz əksinə tapıb. Bu ötən tədris ilindən nəzərdə tutulmuşdu. Sadəcə keçən il qızıl və gümüş medalların standart forması bəlli olmadığından tətbiq olunmayıb. Ancaq bu cari tədris ilindən etibarən onlar artıq şagirdlərə təqdim olunacaq". Bu barədə SİA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, onlara qızıl və gümüş medalların hansı formasının verilməsi ilə bağlı qərar keçiriləcək mərkəzləşdirilmiş test imtahanından sonra bəlli olacaq. Artıq respublikanın bütün rayonları məktəblilərin 11-ci sinfi bitirən zaman mərkəzləşdirilmiş qaydada 8 fəndən test imtahanı verdiklərini deyən Z.Əliqızı vurğulayıb ki, bu 8 fəndən verdiyi imtahanlardan əldə etdikləri nəticədən asılı olaraq onlara qızıl yaxud gümüş medallar təqdim olunacaq.

"Bu il üçün müvafiq prosedura uyğun olaraq məktəblərimizin bizə təqdim etdiyi namizədlərin siyahısına müvafiq olaraq qızıl və gümüş medallara namizəd olan şagirdlərin sayını müəyyənləşdirmişik. Onların sayı 32 nəfərdir və bu siyahı Təhsil Nazirliyinə təqdim olunub. Bunlardan məhz hansının qızıl və gümüş alacağı mərkəzləşdirilmiş test imtahanlarının nəticələrindən sonra məlum olacaq. Bu gümüş və qızıl medallara namizəd olan uşaqlar nəticələrini son sınaqda bir daha təsdiqləməlidirlər. Təsdiqlədikləri halda onlara qızıl və ya gümüş medallar veriləcək. Artıq Nazirlər Kabineti tərəfindən də qızıl və gümüş medalların təsviri ilə bağlı qərar qəbul edilib. Nəzərdə tutulub ki, qızıl və gümüş medalların diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlancaq. Ümumi ölkə üzrə isə qızıl və gümüş medallara layiq olan şagirdlərin sayı 40-a yaxındır. Sual oluna bilər ki, bütün respublika üzrə 40-a yaxın şagird olduğu halda Bakının şagirdləri niyə 32 nəfərdir? Qeyd edim ki, Bakının məzunları hər zaman təhsilin keyfiyyəti baxımından yüksək nəticələr nümayiş etdiriblər. Ona görə də biz bu məsələdə daha iddialıyıq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə