“Dialoq mühiti “Milli Şura”dakı qaragüruhçuları qısa müddətdə sıradan çıxaracaq” RƏY
“Milli Şura”dakıların hətta bir-birlərinə münasibəti çox pisdir. Artıq istefalar da başlayıb və göründüyü kimi, hər zaman belə olub”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mübarizləri Partiyasının (AMP) sədri Ağadur Müslümov “Milli Şura”nın keçirdiyi virtual toplantısında baş verən hadisələrə münasibətini açıqlayarkən deyib.
“Əslində biz dəfələrlə şahidi olmuşuq ki, bu kimi müxalifətçilər toplaşıb, sonunda isə ayrılıblar”, deyən A.Müslümov hesab edir ki, bu kimi sözdə müxalifətçilərin dövlət, dövlətçilik istiqamətləri heç vaxt mövcud olmayıb: “Yəni Mübarizlər Partiyası olaraq, biz həmişə belə mövqedən çıxış eləmişik və öz sərt mövqeyimizi ifadə etmişik”.
Partiya sədri köhnə müxalifətin ümumiyyətlə, siyasi gücünün olmadığını da qeyd edərək bildirib ki, ölkədə yeni dialoq mühiti formalaşıb və yeni güclər ortaya çıxırlar: “Köhnələrin işləri yalnız dövləti, Prezidenti, aparılan çoxşaxəli islahatları ləkələmək, şər-böhtan xarakterli qarayaxma kampaniyaları aparmaq məqsədindən ibarət olub. Onların “siyasi fəaliyyətləri” pafos üzərindədir. Bu baxımdan, düşünürəm ki, yaradılan siyasi dialoq mühiti “Milli Şura”dakı qaragüruhçuları qısa müddətdə sıradan çıxaracaq. Hətta mən onlara köhnə müxalifət də deməzdim, ayrı-ayrı fərdlərin toplaşdıqları qrup deyərdim. Çünki bunların mitinq və aksiyalarında toplaşdıqları saylarını da görmüşük”.
“İnanıram ki, cənab Prezidentin apardığı islahatlar kursu bizə böyük perspektivlər vəd edir və ona da inanıram ki, bu dialoq davamlı xarakter alacaq, partiyaların inkişafına səbəb olacaq və əlbəttə ki, partiyalar da dövlətin, dövlətçiliyin mövqeyindən çıxış edərək, müsbət addımlarını atacaqlar”, A.Müslümov sonda əminliyini ifadə edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB