"Korrupsiyaya qarşı amansız mübarizə bundan sonra da aparılacaq" Bəhruz Quliyev
"Prezident İlham Əliyev məmurları vəzifəyə təyin edərkən onlara ilk tövsiyəsi vətəndaşın yanında olmaqla, vətəndaşa xidmət etməklə, ictimai nəzarəti formalaşdırmaqla hər bir məmurun vətəndaşın xidmətçisi rolunda çıxış etməsi ilə bağlı olub". Bunu “Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, tanınmış siyasi şərhçi Bəhruz Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirib.
Siyasi şərhçi qeyd edib ki, Cənab Prezident yüksək vəzifələrə təyin etdiyi bütün məmurlara bu tövsiyələri verir: "Sözsüz, zaman və faktlar göstərir ki, bəzən bu məmurların bəziləri vəzifəsini icra etməyə başladıqdan sonra cənab Prezidentin tövsiyəsini unudur və tamamilə başqa yollar tutur, pul qazanmaq həvəsinə düşür, rüşvətxorluqla, korrupsiya ilə məşğul olur. Bunun da nəticəsidir ki, son dövrlərdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin bu neqativ fəaliyyətlərinə qarşı ciddi mübarizə aparılır. Cənab Prezident həmişə çıxışlarında qeyd edib ki, korrupsiyaya qarşı çox amansız mübarizə aparılır, aparılacaq, kimliyindən asılı olmayaraq, heç kəs bu məsələdə sığortalanmayıb. Əminəm ki, yerli icra hakimiyyətlərindən sonra mərkəzi icra hakimiyyətlərində də bu proses davam etdiriləcək. Yəni harda ki, ictimai fikirdə hansısa qurumda rüşvətxorluq və korrupsiya olmasına dair rəy formalaşıbsa, yaxud sosial şəbəkələrdə, eləcə də digər yerlərdə bu məsələ xüsusi vurğulanırsa, bunlar aidiyyəti qurumlar tərəfindən ciddi araşdırılır. Dövrün tələbi, əsas prioritet istiqamətlərdən biri korrupsiyanın, rüşvətxorluğun yığışdırılmasıdır. Həbs edilən icra başçılarının cinayət əməlləri yalnız kartları və sosial yardımları mənimsəməklə bitmir, onların əməllərində ciddi rüşvət, korrupsiya cinayətləri, eyni zamanda da bürokratik əngəllərin yaradılması, süründürməçiliyə yol verilməsi, insanları məcburi rüşvət verməyə təhrik etmə faktları da var. Bu, eyni zamanda, müxtəlif dövlət qurumlarında var. “ASAN xidmət” kimi bir təsisatın formalaşdırılması deyərdim ki, dövlət qurumları ilə vətəndaşlar arasında çox yaxşı bir vasitəçi oldu. Yəni “ASAN xidmət”in fəaliyyətə başlaması nəticəsində vətəndaşlar son dövrlər dövlət qurumlarında olan bürokratik əngəllərlə qarşılaşmadılar. Bu qurum bu işi ən yüksək səviyyədə bacardı. Demək istəyirəm ki, vahid pəncərə sistemi də, “ASAN xidmət” də bir yerdən bu məsələlərin idarə edilməsini, vətəndaşların sənədləşmə və digər problemlərinin həllini təmin etdi. Bu proses “ASAN xidmət”də həyata keçirildiyi üçün dövlət qurumlarının vətəndaşlarla təması sıfıra endirildi. Bu üsullar onsuz da tətbiq edilməkdədir. Amma yenə də harda insan faktoru, məmur faktoru varsa, orada rüşvətə, pula meyllilik ola bilər. Buna görə Prezidentin verdiyi tapşırıqların kökündə, mərkəzində dayanan odur ki, məmur rüşvət almamalı, korrupsiya hallarına yol verməməli, həbs edilməməlidir. Məmurun əsas vəzifəsi vətəndaşın yanında olmaq, vətəndaşa xidmət göstərmək və xalqla bərabər olmaqdır. Hər bir məmurun vəzifəsi budur”.
B.Quliyevin sözlərinə görə, bəzən sənədləşmə məsələsində rüşvətin tələb olunması cəhdləri ilə bağlı faktlar var: "Müxtəlif sahələrdə, hətta kənd təsərrüfatı sektorunda sakibkarların, fermerlərin fəaliyyətinə yerli icra hakimiyyəti orqanları əngəllər törədirlər. Onları hər hansı formadasa məcbur edirlər ki, rüşvət versinlər. Bu cür hallar var. Yaxud sahibkarlıq, biznes fəaliyyətilə məşğul olan insanlar bəzi hallarda müxtəlif təzyiqlərlə qarşılaşırlar. Bu da ayrı bir faktdır. Bəli, dövlət qurumlarında bəzi rüşvət halları var. Əsas odur ki, bu faktlar gizli qalmır, onlar araşdırılır və bununla bağlı mübarizə həyata keçirilir. Son aparılan işlər nəticəsində rüşvət alan məmurların ifşa olunması onu göstərir ki, dövlət, sözün əsl mənasında, cənab Prezidentin qeyd etdiyi kimi, rüşvətxorluğa, korrupsiyaya qarşı amansız mübarizə aparır. O da yaxşı haldır ki, bundan hər bir vətəndaş məmnun qalır. Ona görə də vətəndaş məmnunluğunun təmin olunması üçün məmur özünün vəzifələrini düzgün icra etməlidir. Necə ki, cənab Prezident bütün çıxışlarında, bütün qəbullarında bu tapşırıqları verib. Vətəndaş da öz hüquq və vəzifəsini bilib, o çərçivədə görülən işlərə dəstək olmalıdır”.
B.Quliyevin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir və rüşvət hallarının aradan qaldırılması istiqamətində tam ciddi mübarizə aparılır.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də bu məsələyə xüsusi diqqət yetirib.
“…Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni gözləri doymur. Bu bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir”.
Həbs edilən icra başçılarının ödəniş kartlarının, sosial yardımın oğurlanması cinayətlərindən başqa daha hansı cinayətləri var ki, Prezident bunu xüsusi vurğulayıb? “…mərkəzi icra hakimiyyətlərində də bu proses davam etdiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB