Danimarkada azərbaycanlılar 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətlini pisləyiblər
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə 9 yaşlı azərbaycanlı uşaq, Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilib.
Diasporla Iş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Danimarka Azərbaycan Gənclər Təşkilatının (DAGT) keçirdiyi nümayişdə Azərbaycan Türk Qadınlar Birliyinin nümayəndələri, Danimarkada yaşayan azərbaycanlılar, danimarkalı və türk gənclər iştirak ediblər. DAGT-nın həmsədrləri Emil Elxan və Kasper Sorensen bildiriblər ki, nümayiş iştirakçıları Kopenhagenin mərkəzi meydanı - Rodhuspladsda toplaşaraq Fariz Bədəlovun qətlini və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən şüarlarla şəhərin mərkəzi küçəsi ilə Danimarka parlamentinin binası önünə yürüş ediblər. Nümayişçilər hərəkət zamanı 9 yaşlı Fariz Bədəlovun şəkillərini və qətl hadisəsi barədə məlumat olan vərəqləri insanlara paylayıblar.
Danimarka parlamentinin binası qarşısında nümayişçilər çoxsaylı etiraz plakatları sərgilənmiş, erməni işğalına və azərbaycanlıların soyqırımına son qoyulmasını tələb edən şüarlar səsləndiriblər. Parlamentin qarşısında keçirilən bu nümayiş həmçinin ermənilərin qondarma soyqırımı iddialarını və bu məqsədlə aksiya keçirmə arzularını önləyib.
Etiraz aksiyasının sonunda DAGT-nın həmsədrləri Emil Elxan və Kasper Sorensen nümayişçilərin qəbul etdiyi və iki dildə - Azərbaycan və Danimarka dilində tərtib olunan bəyanatı oxuyublar, daha sonra həmin bəyanat parlamentə təqdim olunub.
Danimarka Azərbaycan Gənclər Təşkilatı Ermənistanın gələcəkdə də Azərbaycan torpaqlarının işğalına, azərbaycanlıların soyqırımına məruz qalmasına etiraz əlaməti olaraq müxtəlif kütləvi aksiyaların keçirilməsində israrlı olduğunu bildirib, bütün dünya azərbaycanlılarını bu mübarizədə fəal və qətiyyətli olmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB