"Azərbaycan-Rusiya münasibətləri durmadan güclənir" ŞƏRH-ÖZƏL

"Azərbaycan-Rusiya münasibətləri durmadan güclənir" ŞƏRH-ÖZƏL

"Azərbaycan Prezidentinin TASS-a müsahibəsi pandemiya ilə mübarizə şəraitində ölkəmizin daxili sosial-iqtisadi, beynəlxalq inteqrasiya fəaliyyətlərinin əsas məzmununu təqdim etmək baxımından əhəmiyyətli və tarixi hadisədir". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, həm birbaşa Azərbaycanın özünün siyasəti, həm də ölkəmizə birbaşa aidiyyatı olmayan mövzular barədə Prezident İlham Əliyevin nə düşündüyünə Rusiya KİV-nin maraq göstərməsi də az əhəmiyyət kəsb etmir: "Bu müsahibə bir daha sübut edir ki, regional və qlobal miqyasda Azərbaycana maraq dinamik xarakter daşıyır. Azərbaycanın regional və dünya siyasətində fəaliyyətinin fasiləsiz və yüksələn xətt üzrə getdiyini Prezident İlham Əliyevin TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla söhbəti qəti şəkildə təsdiqlədi".

Ekspertin fikrincə, hər şeydən öncə ölkəmizin pandemiya ilə mübarizə təcrübəsinin dünyada necə maraq doğurduğuna bir daha əminlik yarandı: "Azərbaycanın pandemiya ilə daha səmərəli mübarizə yollarında olduğu nümayiş etdirildi. Prezident virusla mübarizə dövründə sosial-iqtisadi sahədə görülən tədbirlərin aşkar nəticələrini geniş şərh etməklə bir daha sübut etdi ki, Azərbaycanda pandemiya ilə mübarizəyə bitkin sistem kimi baxılır, hadisələr təbii axara buraxılmır və hər şey qabaqcadan ölçülüb-biçilir. Koronavirusla mübarizədə beynəlxalq səylərin birləşdirilməsi üçün Azərbaycanın hamıdan əvvəl və əməli təşəbbüslər göstərməsinin dünyanın taleyi üçün müstəsna əhəmiyyət daşıdığını Prezident İlham Əliyev bir daha nümayiş etdirdi".

A.Quliyev qeyd edib ki, ölkə başçısının müsahibədə koronavirusa qarşı videokonfrans barədə "Azərbaycan bütün dünyanı birləşdirdi" deməsi şəraiti tam dolğun əks etdirən mülahizə, eyni zamanda dünyada pozitiv inteqrasiya proseslərini pozan məlum ölkələrə əsil ittiham aktıdır: "Qoşulmama hərəkatı tarixində Avropa İttifaqı ilə bu səviyyədə əməkdaşlıq həqiqətən ilk tarixi faktdır və Azərbaycanın beynəlxalq təşkilatlar arasında münasibətləri sıxlaşdırmaq siyasətinin uğurlu nəticələrinə bariz nümunədir. Doğrudan da əgər ortada Azərbaycanın adı və fəaliyyətləri olmasaydı, Avroittifaqın Qoşulmama zirvəsində iştirakı mümkün olmazdı".

Siyasi ekspert vurğulayıb ki, Prezidentin müsahibə zamanı səsləndirdiyi fikirlərinin nəzərəçarpan istiqamətlərindən biri Azərbaycan-Rusiya münasibətlərinin fasiləsiz dərinləşmə prosesi içində olduğunu inandırıcı şəkildə çatdırmaq oldu: "Azərbaycan-Rusiya münasibətlərinin durmadan güclənməkdə olduğuna dair hər iki ölkənin ictimaiyyəti və dünya yeni faktlar eşitdi. Xəzərin özünə aid sektorunda hasil edilən Rusiya neftinin Azərbaycanın infrastrukturları ilə xaricə nəql edilməsi barədə məlumat həqiqətən iki ölkə arasında logistika və enerji əməkdaşlığı sahəsində yeni mərhələnin başlandığını ifadə edir. Beynəlxalq təşkilatların fəaliyyəti barədə Prezident Əliyevin təhlilinin dünyada mütləq əksər politoloq və geostrateqlər tərəfindən dəsyəkləndiyi şübhəsizdir. Ölkə başçısı beynəlxalq təşkilatların mütətəqqi islahatı sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının böyük perspektivə malik olduğunu ortaya qoydu. Əslində Azərbaycan Prezidenti bəzi beynəlxalq təşkilatlara ədalətli, dürüst və daha güclü olmağın yolları barədə dərs verdi".

A.Quliyev söyləyib ki, müsahibə zamanı Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ərəfəsində Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik işinə nə qədər bağlı olduğu bir daha göstərildi: "Faşizmi dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistanın yüz milyonlarla auditoriya qarşısında ifşası Prezident İlham Əliyevin hücum diplomatiyasının ən iri addımlarından biri oldu. Effekt o qədər böyük oldu ki, Ermənistan XİN-i Ölkə başçısının müsahibəsindəki bir neçə "ağır çəkili cümləyə" çox uğursuz şəkildə bütöv bir cavab bəyanatı həsr etdi".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə