Heydər Əliyevin dövlət və qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür MƏQALƏ

Heydər Əliyevin dövlət və qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür MƏQALƏ

"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət edir. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da, mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

Bütün dünya azərbaycanlıları və beynəlxalq aləm şahiddir ki, böyük siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev milli dövlətçiliyi və Azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə Azərbaycançılıqdır. Ulu Öndərimiz dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur. Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını qətiyyətlə tərk etməsi vətənpərvərliklə, azərbaycançılıq məfkurəsi ilə bağlı idi. Bu, əsl vətənpərvərlik mövqeyinin nümayişi idi!

Ulu Öndərimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir

Bu reallıqlar bir daha sübut edir ki, Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Belə ki, Ulu Öndərimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Onun tarixi kəlamını xatırlayaq: "Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur".

Əslində, Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Bur da bəlli olur ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır.

Onun uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Heydər Əliyev müdrikliyinin bariz nümunəsi

Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, "Əsrin müqaviləsi"nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. Siyasi və iqtisadi böhran keçirən bir ölkədə qısa zamanda sabitlik yaratmaq, dünyanın nəhəng şirkətlərini regiona cəlb etmək, konkret olaraq milyard dollarla ölçülən sazişləri imzalamaq, sözsüz ki, uzaqgörən siyasət və müdriklik tələb edirdi. "Əsrin müqaviləsi"nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır". Bu sözlər məhz Ümummilli Lider Heydər Əliyevə məxsusdur.

Söz yox ki, 2003-cü ilə qədərki tarixi nailiyyət bu dövrə qədər keçən son on ildə hüquqi dövlət quruculuğu, iqtisadi, sosial, humanitar və xarici siyasət sahəsində aparılan müdrik siyasi xəttin məntiqi nəticəsində qzanılmışdır. Bərqərar olmuş ictimai-siyasi sabitlik, əlverişli iqtisadi mühit xarici sərmayələrin həcminin artmasına səbəb olmuşdur. Neft strategiyasının uğurla həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan vermiş, əhalinin sosial həyat şəraiti yaxşılaşdırılmış, yoxsulluğun səviyyəsinin azaldılması üçün mühüm işlər görülmüşdür. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, zənginləşməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir.

1993-2003-cü illərdə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradılmışdır

Siyasi sistemin demokratik prinsiplər əsasında inkişafı, cəmiyyətimizdə ümumbəşəri dəyərlərin dərin kök salması Azərbycanın beynəlxalq aləmə sıx inteqrasiyasına və formalaşmaqda olan demokratik dövlət kimi tanınmasına yol açmışdır. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etmişdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradılmışdır. Bu dahi insan var qüvvəsi və bacarığını Azərbaycanımızın yüksəlişinə və böyük zirvələri qət etməsinə sərf etmişdir. Ulu öndər öz həyatının uğurlarını xalqına arxalanmaqda görərək demişdir: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət edir. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da, mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Fransannın "Kuryer İnternasional" jurnalı: "Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir"

Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. O dövrü bir anlığa xatırlayanda göz önünə, ilk növbədə, ölkədə hökm sürən anarxiya və xaos, hərc-mərclik və dərəbəylik gəlir. Bütün bunlara son qoymaq, ictimai-siyasi prosesləri normal məcraya yönəltmək hər kəsin işi deyildi və bu missiyanı öz Liderlik və Xilaskarlıq səyi və bacarığı sayəsində əbədiyaşar Prezident Heydər Əliyev üzərinə götürdü, bu dövləti əbədi, sarsılmaz və qüdrətli dövlətə, Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi.

Fransanın "Kuryer İnternasional" jurnalının 2003-cü ilin may nömrəsində nəşrin baş redaktoru Aleksandr Adler Ulu Öndər Heydər Əliyevə həsr etdiyi məqaləsində yazırdı: "Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, bunların hamısına mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır".

Prezident İlham Əliyev: "Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam"

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilir. Onun xalqımız, Vətənizmiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi - İlham Əliyevi yetişdirməsidir. Belə ki, İlham Əliyev faktoru Türk Dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Artıq bu bir reallıqdır ki, Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Ölkə Prezidenti İlham Əliyev demişdir: "Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin".

Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır. Bəli, bu gün Azərbaycan sözün əsl mənasızda yüksək sürətlə böyük zirvələrə doğru irəliləyir, Azərbaycan öz qüdrətini daha da artırır. Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev hazırda Azərbaycanı müvəffəqiyyətlə siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanı yüksələn xətlə inkişafa aparır. 2003-cü ilədək əldə edilmiş sabitlik və inkişaf son illər ərzində milli büdcənin həcmini 10 dəfədən çox, o cümlədən, müdafiə büdcəsini bir neçə dəfə, adambaşına düşən gəliri inkişafda olan ölkələrin səviyyəsinə qaldırmağa imkan vermişdir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın aparıcı dövlətləri sırasında yer almışdır.

"Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam" - söyləyən Prezident İlham Əliyev Ulu Öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaratmışdır.

Prezident İlham Əliyev böyük əzmlə həyata keçirdiyi quruculuq və çoxşaxəli proqramının gerçəkləşməsi də bu reallığı əks etdirməkdədir. Əlbəttə ki, Azərbaycan xalqı məhz bu reallıqlardan çıxış etməklə, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək, yeni-yeni qələbələrə və zəfərlərə doğru inamla irəliləməkdədir.

Fərrux HAQVERDİYEV,

YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə