Xalqa və dövlətə xəyanət edənlər bağışlanılmır! ANALİTİK

Xalqa və dövlətə xəyanət edənlər bağışlanılmır! ANALİTİK

Prezident İlham Əliyev: “Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq”

Bəlli olduğu kimi, Azərbaycanda aparılan çoxşaxəli islahatlar fonunda korrpusiya və rüşvətxorluğa qarşı mübarizə kampaniyası aparılır, dövlətə və xalqa xəyanət edən bir sıra yüksək vəzifəli məmurların qaranlıq əməlləri ifşa olunur, eyni zamanda onların layiqli cəzalarına çatması üçün qanun tələb etdiyi bütün müvafiq tədbirlər həyata keçirilir.

Əbəs deyil ki, dövlətimizin başçısı, Prezident İlham Əliyev daha öncələr də xəbərdarlıqlar edərək, xalqın, dövlətin malına göz dikən, vətəndaşların haqlarını tapdalayan məmurlarla bağlı ciddi ölçülərin götürüləcəyini bəyan etmişdi. Daha dəqiq desək, hazırkı dövrə qədər də bir sıra yüksək çinli məmurlar dövlətin, Prezidentin onlara verdiyi etimaddan sui-istifadələr edərək, sözün əsl mənasında xəyanətlərə yol veriblər.

Ölkə başçısı: “Müharibə, əslində, göz qabağındadır”

Yeri gəlmişkən, ölkə başçımız bugünərdə modul tipli növbəti xəstəxana kompleksinin açılışında bird aha həmin məsələyə toxunaraq qeyd edib ki,

kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. “Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət”.

Xüsusilə, ölkəmizdə və dünyada cərəyan edən qlobal pandemiya dövründə dövlətin vətəndaşların sosial həyatlarının təminatı yönündə atdığı ardıcıl addımlar müqabilində bir sıra icra başçılarının talançılıqla məşğul olmalarına başqa adın verilə bilməməsini də vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, artıq həbs olunmuş adamların cəzalandırlılmaları qaçılmazdır: “Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır”.

“Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur”

Dövlət başçısı bildirib ki, eyni zamanda, indiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir: “Son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi, yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq”.

Səidə Qocamanlı: “Dövlət rəhbərliyi onlara etibar etmişdi, idarəçiliyi tapşırmışdı, amma qiymətləndirmədilər, sui-istifadə etdilər, insanları narazı saldılar”

Yeri gəlmişkən, həbs olunmuş icra başçılarının hansı təcridxanalarda saxlanılacaqları da maraq doğurur. Bununla bağlı mətbuata açıqlama verən hüquq müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, həbs olunan icra başçılarının hansı təcridxanada saxlanılmasını istintaq müəyyən edəcək: “Onlar elə bilirdilər ki, sadə adamları çapıb-talayacaqlar, istədiklərini edəcəklər, özlərinə mal-mülk alacaqlar və belə də davam edəcək. Ancaq bu həbslər göstərdi ki, əyalətlərdəki özbaşınalıqlara son qoyulacaq. Həmin məmurlar da bizim kimi sıravi adamlardır, sadəcə, dövlət rəhbərliyi onlara etibar etmişdi, idarəçiliyi tapşırmışdı, amma qiymətləndirmədilər, sui-istifadə etdilər, insanları narazı saldılar”.

Hüquq müdafiəçisi: “Aparılan bu "təmizləmə”lər gələcəyə olan pozitiv siqnaldır”

S.Qocamanlı qeyd etdi ki, həbs edilən icra başçılarının Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında, yoxsa Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılması onlara qarşı irəli sürülən ittihamlardan, maddələrdən asılı olacaq: "Hələlik onları Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlayırlar. Məsələ burasındadır ki, həbs edilən vəzifəli şəxslər çoxdur. Sadəcə, onlara qarşı irəli sürülən ittihamlara əsasən kimisi Kürdəxanı təcridxanasında saxlanılır, kimisi DTX-da...”

Hüquq müdafiəçisi bildirib ki, bölgələrdə həbslərin olacağını çoxu gözləyirdi: "Çünki əyalətlərdən şikayətlər çox idi. Prezidentə məktublar yazırdılar, mətbuatda şikayətlər çox idi, insanlar yerli idarəçilikdən narazılıq edirdilər. Ona görə aparılan bu "təmizləmə”lər gələcəyə olan pozitiv siqnaldır. Məmurlara göstərmək lazımdır ki, siz "kiçik padşah”lar deyilsiniz, millət üçün işləməlisiniz, təkcə övladlarınızı, varidatınızı düşünməməlisiniz.

Ona görə son dövrlərdə nə qədər vəzifəli şəxs işdən çıxarıldı, yeni təyinatlar oldu. Bütün bunlar müsbət haldır, insanlar da pozitiv qarşılayırlar. Çox istərdim ki, boşalan kreslolara da xalqın dərdini çəkən kadrlar gətirilsin. Eyni zamanda digərləri "gözü çıxmış qardaş”dan nəticə çıxarmalıdırlar. İstənilən halda bu həbslər yerli idarəetmə sistemində dəyişikliklərə səbəb olacaq".

Xatırladaq ki, son 5 ayda beş icra başçısı həbs olunub. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının rəhbərləri rüşvət və korrupsiya faktı ilə kabinetlərindəcə saxlanılıblar.

Digər tərəfdən, Prezident İlham Əliyev çıxışlarında daim məmurların xalqa xidmət etməli olduqlarını xüsusi vurğulayıb və bu xüsusda icra başçılarının həbsini korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı ciddi mübarizəyə başlandığının anonsu kimi dəyərləndirmək olar. Belə ki, Prezident İlham Əliyev qeyd etmişdi ki, həyata keçirilən islahatlarda mühüm hədəflərdən biri də ölkədə korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə