"Videokonfranslar dövlətlərarası inteqrasiyada yeni məzmunlu mərhələ açır" - ŞƏRH ÖZƏL

"Videokonfranslar dövlətlərarası inteqrasiyada yeni məzmunlu mərhələ açır" - ŞƏRH ÖZƏL

“Qoşulmayan Ölkələrin Təmas qrupunun Pandemiya ilə bağlı Azərbaycanın təşəbbüsü əsasında ilk videokonfransın keçirilməsi əlamətdar beynəlxalq hadisədir. Azərbaycan öz sədrliyi dövründə bu qurumun tarixində ilk dəfə videokonfrans keçirməklə bir daha sübut etdi ki, üzvü və rəhbəri olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətinə yeniliklər gətirir, beynəlxalq təşkilatların işini və strukturunu təkmilləşdirir, yaradıcı və mütərəqqi yanaşma ortaya qoyur. Əvvəlcə türk dövlətlərinin tarixində ilk videokonfransın keçirilməsi təşəbbüsünün çox uğurlu nəticələr verməsi Azərbaycana növbəti uğurlu addımları atmaq imkanı verdi”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Qoşulmama hərəkatının videokonfransı Azərbaycanın siyasətinin və Prezidentin təşəbbüslərinin dünya dövlətləri tərəfindən mötəbər qarşılandığına növbəti sübut oldu: “Dünya dövlətləri yaxşı halda öz daxillərində pandemiyanın nəzarət altına alınmasına daha çox səy göstərdikləri halda, Azərbaycan həm də hamının səylərinin birləşdirilməsi üçün çox əhəmiyyətli təşəbbüslər göstərdi və mühüm nəticələr əldə etdi. Bu gün koronovirusla mübarizədə dünyanın imkanlarının birləşdirilməsinə geniş yol açılıb ki, bu perspektivin reallaşmasında Azərbaycanın və prezident İlham Əliyevin böyük payı var. Azərbaycan Prezidentinin videokonfransda etdiyi təkliflər üzrə birgə fəaliyyətlərin göstərilməsi bəşəriyyətin bu bəla ilə səmərəli mübarizəsinin daha təkmil qurulmasına öz müsbət təsirini göstərəcək. Qoşulmayan 120 ölkənin timsalında dünyanın yarıdan çoxu Azərbaycanın uğurlu mübarizə metodları ilə təmas və ondan bəhrələnmək imkanı əldə etdi. Məhz bu qrup ölkələrin ehtiyacları üçün Azərbaycanın ÜST-na əlavə 5 milyon dollar yardım ayırması ölkəmizin beynəlxalq humanitar məsələlərin həllinə əməli dəstək olmaq iradəsini bir daha nümayiş etdirdi”.

Politoloq bildirib ki, Ermənistan kimi ölkələr cürbəcür yalanlar uyduraraq beynəlxalq imkanlardan maddi fayda götürməyə çalışdığı vaxtda Azərbaycan dünya ölkələrinə yardım əli uzadır, sülh və təhlükəsizliyə real töhfələr verir: “Videokonfransda mötəbər beynəlxalq və regional təşkilatların rəhbər və təmsilçilərinin iştirakı və çıxışları Azərbaycan Prezidentinin çağırışlarına həssas yanaşmadan xəbər verir. BMT, Avropa İttifaqı, Afrika Birliyi, ÜST və sair kimi təşkilat rəsmilərinin virtual konfransda iştirakı beynəlxalq əhəmiyyətli faktdır. Bu fakt sübut edir ki, beynəlxalq təşkilatlar Azərbaycanın inteqrasiya və humanitar yardım proseslərində səmimi iştirakına inanırlar”.

Aydın Quliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin pandemiyaya qarşı BMT miqyasında videokonfransın keçirilməsi təklifinin dəstəklənməsi xüsusilə əhəmiyyətlidir: “Dövlətlərin yekdilliklə bu təklifə dəstək verməsi onu təsdiq edir ki, Azərbaycan bəşəriyyətin ümumi mənafeyinə uyğun istənilən məsələ ətrafında qlobal dəstək prosesi qura bilər və onu sona çatdıra bilər. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilmiş videokonfrans müxtəlif regional və qlobal miqyaslı beynəlxalq təşkilatlar arasında əlaqə və əməkdaşlıq münasibətlərinin gücləndirilməsində də öz təsirini göstərir. Azərbaycanın təşəbbüs etdiyi videokonfranslar dövlətlər və təşkilatlararası inteqrasiyada yeni məzmunlu mərhələ açır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə