"Bunun sonu çox acınacaqlı nəticələrə gətirib çıxara bilər" ÖZƏL - AÇIQLAMA

"Bunun sonu çox acınacaqlı nəticələrə gətirib çıxara bilər" ÖZƏL - AÇIQLAMA

"Hərbi proses, müharibə baş verə bilər. Bunu onlar nəzərə almalıdırlar. Belə siyasi oyunbazlıqlardan əl çəkməlidirlər. Əks halda güc vasitəsilə onları danışıqlar masasına əyləşdirmək olar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Arzu Nağıyev Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, atəşkəs rejimi Ermənistan tərəfindən daima pozulub və bunun müqavilində Azərbaycan tərəfi də Ermənistan tərəfini susdurmağa məcbur olub: "Atəşkəs bir neçə istiqamətdə pozulur. Qazax istiqamətdə pozulan atəşkəs əsasən, sərhəd qoşunlarımızın yerləşdiyi əraziyə sirayət edir. Burada əsas məqam ondan ibarətdir ki, nəyin bahasına olursa olsun, əlavə biz tərəfdən də atəş açılsın və onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi müraciət etsinlər ki, sərhəddə atışma var və KTMT üzvü olan dövlətləri cəlb etsinlər. Təbii ki, burada da nə Qazaxıstanın, nə Qırğızıstanın, nə digər dövlətlərin qoşunları deyil, məhz Rusiya qoşunları dayanır. Qazax istiqamətində əsasən Rusiyanı bu işə qatmaq üçün atəşkər rejimi pozulur. Bu da baş tutan deyil, çünki, Rusiya da bilir ki, atəşkəs məhz, ermənilər tərəfindən pozulur ki, status-kvo saxlanılsın".

Onun sözlərinə görə, digər məsələ isə Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində atəşkəsi mütəmadi olaraq pozmasıdır: "Burada da onlar özlərinin qondarma bir dövlət olduqlarını göstərməyə çalışırlar. Təbii ki, cavablarını da alırlar. Bu proseslər tək atəşkəslə deyil, son vaxtlar, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakayanın Rusiyanın Xarici İşlər naziri Lavrova verdiyi cavab, mərhələli şəkildə bu məsələnin həll olunma prinsipləri, eyni zamanda qondarma seçkilər, bütün bu proseslər məlumdur ki, nəyin bahasına olursa olsun Dağlıq Qarabağ qondarma qurumunu üçüncü tərəf kimi danışıqlara cəlb etməkdən ibarətdir və yaxud "Qarabağ kartı"ndan istifadə edərək Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırdıqdan sonra öz qara niyyətlərini məhz, kimin nə dərəcədə bu ərazidə, yəni, Dağlıq Qarabağ ərazisində nə dərəcədə hakim olduğunu sübut etməkdir. Əsas məsələ təbii ki, sonda danışıqlarda "status-kvo"nun saxlanılmasıdır".

Arzu Nağıyev qeyd edib ki, Azərbaycan danışıqlara gedəcək, lakin, Ermənistan tərəf də, ATƏT-in Minsk qrupunun həmsədrləri də, digər super güclər də, regional və qlobal oyunçular da başa düşməlidirlər ki, bunun sonu çox acınacaqlı nəticələrə gətirib çıxara bilər: "Hərbi proses, müharibə baş verə bilər. Bunu onlar nəzərə almalıdırlar. Belə siyasi oyunbazlıqlardan əl çəkməlidirlər. Əks halda güc vasitəsilə onları danışıqlar masasına əyləşdirmək olar".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə