Qavarda yaşanan qanlı insident ölkədə başıpozuqluqdan, hakimiyyətin səriştəsiz və gücsüz olmasından xəbər verir
Aprelin 28-də işğalçı dövlətin Qavar şəhərində baş verən qanlı kriminal insident hətta ölkəni iflic vəziyyətə salan koronavirus pandemiyasını da yaddan çıxarıb. Daim sabitlik, əmin-amanlıqdan dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyanın söylədiklərinin üstündən, qanlı insident birdəfəlik xətt çəkmiş oldu. Şəhərdə baş verən silahlı insidentdə 5 maşından düşən şəxslərin atışması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb. Ölənlərdən biri hərbi polis təhqiqatçısı olub. Bu insidentin pik həddi isə atışmadan sonra ölənin yaxınlarının xəstəxanaya hücum edib vendetta təşkil etmələri olub. Bu isə bir daha sübut edir ki, ölkə Nikol Paşinyanın idarəçiliyi dövründə xaos yaşayır. Faktiki olaraq insanlar polis kordonunu yararaq, öz qisaslarını alıblar. Özü də insident zamanı polis rəisinin də orada olması insanları sakitləşdirə bilməyib. Yaşanan qanlı insident ölkədə başıpozuqluqdan, hakimiyyətin səriştəsiz və gücsüz olmasından xəbər verir.
Baş verən insidentlə bağlı çoxsaylı açıqlamalarda indiki hakimiyyətin səriştəsiz olduğundan irəli gəldiyi bildirilir. sürür. Məsələn, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan öz "Tvitter” səhifəsində aprelin 28-dəki qanlı hadisələrə toxunarkən yazıb ki, baş verənlər Nikol Paşinyanın səriştəsiz idarəetməsinin nəticəsidir.
Onun sözlərinə görə, Qavarda baş verən hadisələr o həqiqəti tamamilə sübut edir ki, Paşinyanın səriştəsiz idarəetməsi nəticəsində hazırkı şəraitdə polis, hüquq-mühafizə orqanı olaraq, sadəcə, mövcud deyil. A.Vanetsyan başqa bir məsələyə də toxunub: "Bəzi məlumatlara görə, Nikol Paşinyan bir müddət öncə hüquq-mühafizə orqanları ilə çox ağır görüş keçirib və burada mənə qarşı istənilən bəhanə ilə cinayət işi qaldırılmasını tələb edib. Əgər onlar mənim səhv buraxdığıma əmindirlərsə, qoy Nikol Paşinyan prokurorluğa müraciət etsin. Əgər mən günahkar olsam, məsuliyyət daşımağa hazıram”. Ermənistanın "Milli Gündəm” Partiyasının həmtəsisçisi Avetik Çalabyan isə bildirib ki, Qavarda qan tökülməsi çoxlarımız üçün ağır zərbədir: "Kor aqressiya səbəbilə dörd insanın həyatına son verilib, iki böyük icma geniş bir vendettanın astasında olub”. O qeyd edib ki, hüquq-mühafizə orqanları zorakılığın yeni dalğasının qarşısını almaq üçün qabiliyyətsiz olub, hətta polis rəisinin və xüsusi polis bölməsinin nümayəndəsi kömək etməyib. "Çiçəklənən Ermənistan” partiyasının gənclər birliyinin sədri Aşot Andreasyan "Facebook” səhifəsində yazıb ki, ölmüş müstəntiqin qohumları xəstəxanaya daxil olublar, yaralıların boynunu kəsiblər və qaçış yolunda avtoqəzaya uğrayıblar. Onun sözlərinə görə, millətin seçdikləri Ermənistanın ən yüksək tribunasından bir-birini "siyasi tryapka” və "əxlaqsızın ləyaqəti” adlandırırlar. "Bir şey aydındır: millət məhv olur, əsrlər boyu öz dövlətçiliyinin qorunması üçün mübarizə aparan millət özü-özünü məhv edir”, - deyə Andreasyan qeyd edib. Erməni hüquq müdafiəçisi Arsen Babayan "Facebook” səhifəsində yazıb ki, baş nazirə birbaşa şəkildə tabe olan polis rəisinin gözü qarşısında polisin müqavimətini məhv edirlər, xəstəxanaya daxil olurlar və polislərin gözü qarşısında insanları kəsirlər, Paşinyan isə mətbuat katibinin ağzı ilə ictimaiyyəti uydurulmuş hansısa paylar və pay sahibləri haqqında qida ilə qidalandırmağa çalışır. O qeyd edib ki, bu da yetərli deyil, Paşinyan öz əsərlərində Artur Vanetsyanın adını qeyd etməyə çalışır: "Anlayıram ki, hakimiyyətinizin sonunun qoxusu artıq burnunuzun altındadır, lakin bunun günahkarı yalnız öz səriştəsizliyinizlə, sizsiniz”.
Maraqlıdır ki, Vanetsyan Nikol Paşinyan hakimiyyətini tənqid etdikdən sonra ona qarşı ittihamların sayı artıb. Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan bildirib ki, Artur Vanetsyan Ermənistanın Müqəddəs Taxt-Tacdakı keçmiş səfiri Mikayel Minasyanın Zəngəzur mis-molibden kombinatındakı pay sahibini alıb. Artur Vanetsyan Gevorqyanın qeydinə toxunaraq bu məlumatı təkzib edib. "Bu məlumatları birmənalı şəkildə təkzib edirəm. Mənim adımdan sui-istifadə edirlər, çünki məndən böyük qorxuları var”, - deyə Vanetsyan bildirib. "Mənim Addımım” blokunun deputatı, Nikol Paşinyanın qaynı Qraçya Akopyan da Vanetsyanı sərt tənqid edib. "Vanetsyan Nikol Paşinyana Qarabağ danışıqları ilə bağlı suallar verməyə başlayıb ki, özünün korrupsiya əməllərini diqqətdən yayındırsın. Yəqin bir gün, Vanetsyanın xarici xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığına görə vəzifədən çıxarılması aydınlaşacaq” – deyə o bildirib. Akopyanın sözlərinə görə, Vanetsyan Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyana, sərvəti qarşılığında onun həbs edilməyəcəyi və Respublikaçılar Partiyasını gələcəkdə Ermənistanda hakimiyyətə gətirəcəyi vədini verib: "Çoxları soruşa bilər ki, əgər bütün bunlar həqiqətdirsə, Vanetsyana münasibətdə niyə cinayət işi açılmır? Dünya praktikası belədir ki, xarici agentlər, yalnız ölkələrlə münasibətləri pozmaq lazım gələnədə həbs edilir. Əgər münasibətləri pozmaq istəmirlərsə, onu, sadəcə neytrallaşdırırlar ki, fəaliyyət göstərə bilməsin. Ermənistan indi heç bir ölkə ilə münasibətini pozmaq istəmir”.
Sasun Mikayelyan: “Getdikcə sosial vəziyyət pisləşir”
Aprelin 29-da Ermənistan parlamentinin iclasında “Mənim addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan Ermənistanın Maliyyə naziri Atom Cancuğazyana da bildirib ki, getdikcə sosial vəziyyət pisləşir: «Krediti olanlar vəziyyətdən necə çıxacaqlarını bilmirlər. Hansı tədbirin onlara faydalı ola biləcəyini dərhal cavablandırmaq çətin olacaq. Dəstək proqramlarının kifayət etmədiyi kredit hekayəsinə sahibdirlərsə, bu, başqa məsələdir. Ancaq Nikol Paşinyan, hər şeyə görə cavab verməli olacaqsan :1. Hakimiyyəti saxlamaq qarşılığında gizli Qarabağ danışıqlarında mərhələli variantı razılaşdırmaq və əraziləri Azərbaycana təhvil verməklə bağlı ilkin razılaşma əldə etməyə görə; 2. Oliqarxlardan pul götürmək və onları “qanuna tabe iş adamı”na çevirməyə görə; 3. Dövlət büdcəsindən açıq şəkildə on milyonlarla dolları oğurlamaq və əlavə ödənişlər, bonuslar şəklində sizinlə addımlayanlara paylamağa görə”, - deyə erməni diplomat qeyd edib.
Nikolay Banin: “Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatları həyata keçirməyib”
Baş verən tnsidentlə yanaşı, məlum olduğu kimi, Rusiya Xarici İşlər naziri Lavrovun bəyanatı İrəvanda qeyri-müəyyən vəziyyət yaradıb. Erməni KİV-lərinin məlumatına görə Rusiyada fəaliyyət göstərən “Qafqaz” geosiyasi klubunun direktoru Nikolay Banin bildirib ki, hərişdə tələsik olan Ermənistanın baş nazirini hərəkətləri sonda başına bəla açır. Elə bu tələsiklik nəticəsində Ermənistan Xarici İşlər nazirinin mətbuat konfransı keçirib: Bununla birlikdə aydındır ki, onun çıxışı cavablar səslənməsindən daha çox suallar yaratdı. Baş nazir Nikol Paşinyan bunlara cavab verməlidir, çünki Qarabağ münaqişəsində dönüş nöqtəsi əldə etmək və həmçinin münaqişənin həll prosesini şəffaflığın yeni səviyyəsinə çatdırmaq haqqında ucadan səslənən bəyanatlar 2018-ci ildə onun hakimiyyətə gəlməsinin heç də az vacib olmayan elementlərindən idi. Gördüyümüz kimi, nə birini, nə də digərini həyata keçirməyiblər”, - deyə ekspert bildirib.
Ekspertlərin sözlərinə görə danışıqlar başlamazdan əvvəl nəticə sıfıra yaxın olduğu prinsipcə bəlli idi. Çünki Ermənistan xarici işlər nazirinin bəyanatından sonra aydın oldu ki, onların masa arxasında danışıq aparmaq qabiliyyəti yoxdur. Onlar faktiki riyakarlıqla məşğul olaraq ağa qara deyir və faktları inkar edirlər.
Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar və gözləntilər haqqında danışan politoloq Fikrət Sadıqov xatırladıb ki, danışıqlar prosesində neçə illərdir ki, mərhəlləli həll planı ətrafında müzakirələr aparılır: “Madrid prinsipləri, Kazan sənədi, Madrid prinsiplərinin yeniləşmiş variantı və digər sənədlər. Yəni tərəflər faktiki olaraq bu sənədlər ətrafında müzakirələr aparırdılar. Razılıq verməsələr də, müəyyən müzakirələr aparılırdı və Minsk Qrupu həmsədrlərinin müəyyən təzyiqləri də müşahidə edilirdi. Ancaq indi erməni tərəfi faktiki olaraq danışıqları pozur. Hesab edirəm ki, həmsədrlər erməni tərəfinin davranışlarına konkret münasibət ifadə etməlidir”.
Politoloq əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatını təsadüfi saymaq olmaz: “Lavrov elan etdi ki, mərhələli plan mütləq həyata keçirilməlidir. Burada tək Qarabağ məsələsi deyil. Lavrovun ifadələrinə diqqət edəndə hiss edilir ki, o, sadəcə olaraq, indiki Ermənistan hakimiyyətindən qisas almaq istəyir. Lavrov tərəfindən səslənən ifadələrdə erməni tərəfini küncə dirəmək niyyəti özünü göstərir. Faktiki olaraq rəsmi İrəvana işarə edilir ki, əgər bizdən uzaqlaşsanız, mövqeyimiz belə olacaq, özünüzü yığışdırın. Əlbəttə, bu Rusiya-Ermənistan münasibətləri konkteksində ortaya çıxır. Hesab edirəm ki, danışıqlar prosesinə dair bizim mövqeyimiz daha sərt olmalıdır. Biz hücum taktiksında olmalıyıq. Ermənistanın başını sığallamaqla heç bir məsələ həllini tapmayacaq. Biz bəzi hallarda danışıqlardan imtina etməyi bacarmalı, onlara sərt cavab verməliyik. Bu, diplomatik yolla, bəzi hallarda hərbi yolla həyata keçirilməlidir”.
Ermənistan xarici işlər nazirinin açıqlaması danışıqlar prosesinə ciddi zərbədir"
«Ermənistan xarici işlər nazirinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir». Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavabı ilə bağlı müsahibəsində deyib: "Ermənistanın xarici işlər naziri sözügedən açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir. Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunmuşdur. Həmçinin həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunmuşdur. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qarçakov adına ictimai diplomatiyaya dəstək klubunun üzvlərinin dəyirmi masasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə toxunmuş və Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair plan və təkliflər barədə danışmışdı.
Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar.
Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunmuşdur.
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz seçkilərlə əlaqədar beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın mövqeyinə böyük zərbə oldu. Bu qanunsuz xunta rejimini heç kim tanımır. Çoxsaylı beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqı, NATO, Avropa Parlamenti, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və s. bu seçkiləri tanımayan bəyanatlarla çıxış etdilər. Münaqişə Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Göründüyü kimi, ekspertlərin sözlərinə görə, "Nikol öz əyləncəsini həyata keçirmək üçün heç nəyi əsirgəmir. O, entuziazmla istənilən işlə məşğul olmağa hazırdır. Küçə-küçə gedib, Konstitusiya Məhkəməsi hakimlərinə nifrət hissi aşılamağa çalışır. Elan edir ki, ölkə iki il ərzində onun rəhbərliyi ilə böyük nailiyyətlərə imza atıb. Nikol yalnız bunu bacarır. Ölkəni idarə etmək qabiliyyəti yoxdur, nə təcrübə, nə də effektiv qərarlar qəbul etmək imkanı var, iqtisadi təzahürlərin mahiyyətini anlamır, danışıqlar prosesinin incəliklərini bilmir. Ancaq və ancaq yalan danışmağı bacarır və insanları populist şüarlarla çaşdırır".
Nəticə nə olur? Aprelin 28-də baş verən qanlı insident. Nə qədər ki, Paşinyan hakimiyyətdədir bundan da betər hadisələr olacağı bildirilir. Paşinyanın bu oyunlarının bədəli daha böyük olacaq.
Baş verən daxili çaxnaşmalara isə Qarabağın itirilməsinə gətirib çıxara bilər. Ekspertlərin sözlərinə görə, münaqişənin həlli danışıqlar masasına qayıtmalıdır.
Şübhəsiz, bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur. Məqamı gələndə, Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək. Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...
Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB