"Siz, həqiqətən, dahi və müdrik Lidersiniz" VƏTƏNDAŞLAR YAZIR

"Siz, həqiqətən, dahi və müdrik Lidersiniz" VƏTƏNDAŞLAR YAZIR

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər.

Ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

SİA Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.

Qazax şəhər sakini Mahmud Nəsibov: "Çox hörmətli cənab Prezident.

Azərbaycanımızın üzləşdiyi koronavirus pandemiyası bizim ailəmizi də tapmışdı. Mən Qazax rayon polis şöbəsinin əməkdaşı Nəsibov Mahmud və həyat yoldaşım Cəfərova Samirə bu virusa yoluxanlardan olduq. Müayinə edildikdən sonra dövlətimizin yüksək qayğısı, həkimlərimizin peşəkarlığı və məsuliyyəti nəticəsində Şəmkir rayon mərkəzi xəstəxanasında müalicə aldıq. Allaha şükürlər olsun ki, artıq sağalmışıq.

Bu çətin müddət ərzində bizə göstərilən diqqətə və nəvazişə görə Sizə və Birinci vitse-prezident Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Ondan ötrü ki, bu pandemiya ilə mübarizədə Siz xalqımızın rifahını, insanlarımızın sağlamlığını hər şeydən öndə tutdunuz. Sizə möhkəm cansağlığı arzulayıram".

Beyləqan şəhər sakini Ərəstun Qarayev yazır: "Hörmətli cənab Prezident və əziz Mehriban xanım.

Dünyamızı böhrana qərq edən, bəşər övladının varlığını təhdid altına alan bu virusa qarşı tərəfinizdən aparılan qətiyyətli mübarizədə Sizə uğurlar arzulayıram.

Dövlətimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər, xalqımızın sağlamlığı üçün saymaqla qurtarmayan xeyirxah işləriniz bir daha Sizlərin nə qədər güclü iradəyə sahib olduğunuzu sübut edir. Azərbaycan xalqının duaları Sizinlədir. Allah Sizi və Sizin simanızda xalqımızı qorusun".

Lənkəran şəhəri, Xolmili kənd sakini Murad Mirzəzadə yazır: "Hörmətli cənab Prezident.

Mən 11-ci sinif şagirdiyəm. Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbində oxuyuram. Dərs əlaçısıyam. Sizinlə qürur duyuram. Sizin kimi bir Prezidentimizin olmağı ilə fəxr edirəm. Bu gün dünyanı cənginə alan koronavirus pandemiyası ilə ən güclü dövlətlər belə mübarizə aparmaqda çətinlik çəkirlər. Ancaq Sizin qabaqlayıcı və çevik tədbirləriniz sayəsində ölkəmiz daha az itki ilə xəstəliyə qalib gəlmək ərəfəsindədir. Siz, həqiqətən, dahi və müdrik Lidersiniz. Bizim birlikdə güclü olmağımız təsdiqini tapdı. Bütün xalq Sizinlə fəxr edir, Sizin və Birinci xanım Mehriban Əliyevanın ətrafında həmişə sıx birləşməyə hazırdır".

Neftçala rayonu, Birinci Qaralı kənd sakini Əlifağa Məmmədov: "Möhtərəm cənab Prezident.

Azərbaycan dünyanın digər dövlətləri kimi koronavirus pandemiyası ilə mübarizə dövrünü yaşayır. Əminik ki, Sizin rəhbərliyinizlə biz bu mübarizədən alnıaçıq, üzüağ çıxacağıq. Dövlətimiz tərəfindən imkansız ailələrə verilən ərzaq sovqatlarının təqdim edilməsində rayon könüllüsü olaraq yaxından iştirak edirəm. Göstərilən diqqət və qayğı rayonun hər bir sakinini sevindirir.

Cənab Prezident, ən ucqar kəndlərdə yaşayan ağsaqqal atalar, ağbirçək analar Sizin üçün dualar edir, dövlətimizin başında Sizin kimi rəhbər olduğu üçün qürur hissi keçirirlər. Allah xalqımızın alqışını, dualarını savabınıza yazsın, hər zaman yolunuza işıq salsın".

Ucar şəhəri Aytən Əliyeva: "Möhtərəm cənab Prezident.

Əfsuslar olsun ki, dünyanı cənginə alan koronavirus Azərbaycanımıza da gəlib çıxdı. Amma Sizin uzaqgörənliyiniz və qayğıkeşliyiniz sayəsində virusun qarşısı etibarlı şəkildə alınmaqdadır. Bu bəlanın ölkəmizdə daha geniş yayılmasına imkan vermədiniz. İnşallah, çətin günlər arxada qalacaq və ölkəmiz bu virusa qalib gələn dövlətlər arasında yer alacaq.

Ölkəmizə tərəqqi və rifah bəxş etdiyinizə, xalqa göstərilən kömək və qayğıkeşliyə görə Sizə və ailənizə təşəkkürümüzü bildirirəm. Nə yaxşı ki varsınız və bizim Azərbaycanımızın Prezidentisiniz. Hər zaman Sizi çox sevəcəyik".

Mingəçevir şəhər sakini Qənbər Səfərli: "Hörmətli cənab Prezident.

Əvvəla Sizi salamlayır və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Dünyada yayılmış COVID-19 pandemiyasının qarşısının vaxtında alınması məqsədilə verdiyiniz bütün tapşırıq və tövsiyələri izləyir və bu işinizi səmimi qəlbdən alqışlayıram. Siz xalqımızın qeydinə qalır, onun sağlam yaşaması üçün əlinizdən gələni əsirgəmirsiniz. Bu çətin günlərimizdə Siz bir daha xalqın qəhrəmanına çevrilmisiniz. Biz Sizinlə fəxr edirik və əminliklə söyləyirik ki, nə yaxşı ki, dövlətimizin rəhbərisiniz. Xalqımızın yolunda gördüyünüz işlərə, yürütdüyünüz siyasətə görə Sizə nə qədər təşəkkür etsək azdır. Allah Sizi qorusun".

Lənkəran rayonu, Boladi kəndi, N.Axundov adına 1 nömrəli tam orta məktəbinin psixoloqu Kəmalə Səfərova yazır: "Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr bir vətəndaş, eyni zamanda, təhsil işçisi kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə isə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər bir addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsiniz. Şərhə ehtiyac yoxdur. Faktlar danışır. Ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin siyasi davamçısı kimi onun qurduğu strateji xətti uğurla davam etməyiniz bizi qürurlandırır. Biz də Boladi kənd 1 nömrəli tam orta məktəb olaraq daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük. Bizim Prezidentimiz olduğunuz üçün sizə təşəkkür edirəm. Biz bütün pisliklərə, xəstəliklərə məhz Sizin rəhbərliyinizlə qalib gələcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə