Sağlam gələcək kimdən asılıdır? REAL BAXIŞ

Sağlam gələcək kimdən asılıdır? REAL BAXIŞ

Yaxud, COVID-19-la mübarizədə qalib olmağın əsas məsuliyyəti vətəndaşın üzərindədir

Artıq bir neçə müddətdir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da COVID-19 pandemiyası ilə mübarizə bütün mümkün vasitələr istifadə olunmaqla davam etdirilməkdədir. Lakin bizdə aparılan mübarizənin digər ölkələrdən fərqli cəhəti və uğurlu nəticələr faktoru ondadır ki, dövlət pandemiyanın epidemiyaya çevrilməməsi üçün çevik, operativ və önləyici tədbirlər planını müəyyən etdi, insanların sağlamlıqlarının mühafizəsi yönündə vacib addımlar atıldı. Məhz bunun nəticəsi idi ki, istər ÜST, istərsə də ayrı-ayrı xarici ölkələr Azərbaycanda pandemiyaya qarşı tətbiq edilən işləri yüksək qiymətləndirərək, onu nümunə olaraq dəyərləndirdilər.

Onu da qeyd etmək mümkündür ki, Azərbaycanda reallaşdırılan xüsusi karantin rejimi koronavirus infeksiyasının sürətli yoluxma halının qarşısını almaqla yanaşı, aparılan kütləvi dezinfeksiya işləri və həyata keçirilən testlərin kütləvi tətbiqi də, bu mənada öz müsbət tərəfini göstərdi. İnfeksiyaya yoluxmuş insanlar dərhal aşkarlanaraq müvafiq xəstəxanalara yerləşdirildi, onların əksər çoxluğu aparılan yüksək keyfiyyətli müalicə üsulları nəticəsində sağalaraq evlərinə, ailələrinə döndülər. Əbəs deyil ki, ötən müddət ərzində ölkəmizdə sağalanların sayı istər yoluxanların, istərsə də həyatlarını itirənlərin sayından çoxluq təşkil etdi, bu gün də etməkdədir.

Vətəndaşlar pandemiya təhlükəsinin tam olaraq aradan qaldırılmaması gerçəkliyini anlamalı, belə bir düşüncədən kənar olmalıdırlar

Daha bir vacib məqam ölkəmizdə təhsil, iaşə, satış və s. istiqamətlərdə fəaliyyət göstərən insanlarımızın sağlamlıqlarının mühafizəsi üçün həyata keçirilən tədbirlər oldu. Mümkün vasitələrdən istifadə olunmaqla, onlayn rejimində fəaliyyətlər həyata keçirilərək, həyatın iş axarı demək olar ki, dayanmadı. Bu isə xüsusi karantin rejiminin yumşaldılması üçün şərait yaratdı. Artıq bir neçə gündür ki, xüsusi karantin rejimindən çıxaraq yumşalma ilə bağlı qərar verilib. Bir sıra sahələrin fəaliyyəti bərpa olunub, qadağalar aradan qaldırılıb.

Ancaq əlbəttə ki, bu qərarlar kimsəni rahatlamamalı, vətəndaşlar pandemiya təhlükəsinin tam olaraq aradan qaldırılmaması gerçəkliyini anlamalı, belə bir düşüncədən kənar olmalıdırlar. Əks halda, infeksiyaya yoluxma halının azalmasını göstərən statistik rəqəmlə yenidən arta və əhalinin sağlamlıqlarına mənfi təsirlərini göstərə bilər. Yenidən neqativliklə üz-üzə gəlməmək üçün isə, dövlət tərəfindən tətbiq edilən qaydalara məsuliyyətlə riayət olunmalı, vətəndaşlarımız üzərlərindəki məsuliyyətlərini sözün əsl mənasında boş buraxmamalıdırlar.

Koronavirus pandemiyasının ikinci dalğasının ayaq açıb-yeriməsinə imkan vermək olmaz

Lakin təəssüf ki, yumşalma dövründə nəzərə çarpan məsuliyyətsizliklər yenidən koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən tədbirlərin təkrarlanması tələbini ortaya qoymaqdadır. Çünki koronavirus pandemiyasının ikinci dalğasının ayaq açıb-yeriməsinə imkan vermək olmaz.

Başqa tərəfdən, vətəndaşlar daha bir reallığı da anlamalıdrlar ki, COVID-19 infeksiyası təhlükəsinin aşkar edilən tərəflərindən biri də, onun uzunmüddətli olmasıdır. Bu baxımdan, tələb olunan qaydalara əməl olunmalı, gigiyena qaydaları, dezinfeksiya vasitələrindən istifadə maksimum şəkildə həyata keçirilməli, həmin amillərə məsuliyyət hissi ilə yanaşılmalıdır.

Hər bir şəxs digər şəxsin sağlamlığında cavabdeh olduğunu dərk etməlidir

O cümlədən, unudulmamalıdır ki, koronavirus başladığı zamandan “Evdə qal!” kampaniyası davam edir, habelə xalqımızın həmrəyliyini əks etdirən “Biz birlikdə güclüyük!” şüarı məsuliyyət hissini artırmalıdır. Azərbaycanın pandemiya ilə bağlı ABŞ, Rusiya, Avropa ölkələrinin aqibətini yaşamaması üçün hər bir şəxs digər şəxsin sağlamlığında cavabdeh olduğunu dərk etməlidir. Eləcə də, risk qrupuna aid yaşları 65-dən yuxarı olan vətəndaşların da sağlamlıqlarına olan təhlükə yaddan çıxarılmamalıdır.

Düzdür, bu çox çətin prosesdir və xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması da lazımdır, lakin söz yox ki, əgər epidemioloji vəziyyət tələb edərsə, infeksiyanın artım dinamikası müşahidə olunarsa, yumşaldılmış karantin rejimi yenidən sərtləşdirilməli, xüsusi karantində tətbiq edilən bir sıra məhdudiyyətlər yenidən icra olunmalıdır. COVID-19-a qalib gəlmək şansını əldə etmək üçün məhz bu cür nəticələrə gəlmək vacibliyi artıq özünü göstərməkdədir. Ona qalib gəlmək üçün isə əsas məsuliyyət əlbəttə ki, vətəndaşın üzərinə düşür.

Bütün bunlar bilavasitə sağlam gələcəyimiz üçün lazımi, qəbul edilməsi olan gerçəkliklərdir. Hər kəs bilməlidir ki, əvvəlki həyat rejiminə geri dönmək üçün ilk məsuliyyət onun üzərindədir.

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə