Natiq Cəfərli: “Xalq üzdəniraqların müdafiəsinə qalxan siyasi quruma yaxın gələrmi?”
AXCP-“Milli Şura” adlı radikal qurumun REAL-a qarşı başlatdığı hücumları əndazəsini aşmaqda davam edir və artıq tərəflər arasında açıq söyüş-təhqirlərə üstünlük verilməkdədir. Daha dəqiq desək, bu qarşıdurmanın səbəbkarının Əli Kərimli olması da kimsəyə sirr deyil. Çünki həqiqət naminə etiraf etmək olar ki, REAL partiyasının təmsilçiləri digər müxalifət partiyalarının fəaliyyətlərini tənqid edərkən təhqirə yol vermirlər, amma təhqir obyektinə çevrildikdə qarşı tərəfin cavabını necə deyərlər, intellektual qaydada verirlər. Amma verilən cavablar da öz sərtliyi ilə seçilir.
Eldəniz Quliyev: “Oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır...”
Beləliklə, Ə.Kərimlinin dirijorluğu ilə başlayan kampaniyada sanki bəhsə-bəhsə girilib. AXCP sədrindən bir “sümük” pay umanların ardıcıllıqla İlqar Məmmədovu və ətrafını hədəfə alaraq, həmin kampaniyaya “qaz” verməkdədirlər. Onlardan biri də “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyevdir. Ancaq onun budəfəki ittihamları və təhqirləri milli mənəviyyatı, milli dəyərləri də aşıb. Onun REAL partiyasına yönəlmiş təhqirli fikirlərindən bəzilərini diqqətə çatdırırıq. SİTAT: “Ziqmund Freyd üzdəniraqlığı, daha dəqiqi, "ismayılcəlilovluq" meyillərini oğlan uşağının öz anasına aşırı bağlılığı ilə əlaqələndirir. Qoca Freyd bu anormallığa səfeh bir izah verir: oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır, lakin eyni zamanda, şüuraltı şəkildə bu istəyinə heç zaman çata bilməyəcəyini də dərk edir; belə olan halda, nəhayət O, özü ana olmaq qərarı verir verir: "Mən özüm ana olacağam və mənə yiyələnəcək, yəni məni seksual subyekt kimi qəbul edəcək ata axtaracam!.."
Göründüyü kimi, E.Quliyev burada gətirdiyi sitatın “səfeh” olduğunu dilə gətirsə də, əslində həmin sitatı dəstəklədiyini və “oğlan uşağının öz anasına ilk seksual mənbə kimi yanaşması” ləyqtəsizliyini dəstəklədiyini büruzə edir. Daha dəqiq desək, bu ləyaqətsizliyi təhqir vasitəsinə çevirib, REAL partiyasına qarşı istiqamətləndirir.
“Milli Şura” rəsmisi: “Onlar özlərini qeyri-ənənəvi oriyentasiyaya sahib şəxslərin hüquqlarını qoruyan kimi göstərdilər”
Lakin bununla da kifayətlənməyən “Milli Şura” təmsilçisi qarşı tərəfi hakimiyyətə işləməkdə ittiham etməklə eyhamlarını vurur: “Heç kəsə sirr deyil ki, REAL Hərakatı, daha sonra REAL partiyasına çevrilən qurum həmişə ATA axtarışında olub, sadəcə, əvvəllər bunu açıb-ağartmadan etməyə çalışıblar. Bu gün isə hər şey ortadadır və görünən kəndə də bələdçi-filan axtarmağa lüzum yoxdu. Siyasi fəaliyyəti özfəaliyyət səviyyəsinə salıb da "ismayılcəlilovluğu" seçənlərə təntənəli bir "TUŞ!"”.
Ancaq Ə.Kərimlinin “söyüş maşını” rolunu oynayan E.Quliyevin sözügedən ittihamları birmənalı qarşılanmayıb, yəni cəbhəçilərin də ondan heç bir fərqinin olmadığı üçün onlar ünvanlı təhqirləri dəstəkləsələr də, digər cinahlar bu fikirləri sərt tənbeh edib.
Maraqlıdır ki, E.Quliyev bundan sonra da öz fikirlərində qaldığını deməklə yanaşı, guya şəxsi müstəvidə ifadə etmədiyini də dilə gətirib. Saytların birinə açıqlama verən “Milli Şura” təmsilçisi REAL-a xitabən bu partiyanın siyasi baxışını, davranışını “ayağısürüşkənlik” adlandırıb, özünə haqq qazandırmağa çalışıb: “Hamı yazının əsas məqsədini kölgədə qoymaq üçün fərqli məsələni vurğulayır. Halbuki, əsas qeyd etmək istədiyim o idi ki, hər hansı siyasi qurum öz mübarizə prioritetlərindən asılı olmayaraq, ləyaqətlə mübarizə aparmalıdır. Ayağı sürüşkənlik, satqınlıq etməməlidir. Onlar özlərini qeyri-ənənəvi oriyentasiyaya sahib şəxslərin hüquqlarını qoruyan kimi göstərdilər. Bu da Avropanın, Qərbin sifarişidir. Təəssüf edirəm ki, hətta öz düşərgəmizdən də bir sıra adamlar əks fikirlərə qoşuldular...”
Natiq Cəfərli: “Səviyyəsiz bir insanın öz səviyyəsinə uyğun sözləridir”
REAL-ın cavabı isə kifayət qədər sərt olub. Partiyanın icra katibi Natiq Cəfərlinin sözlərinə görə, İ.Məmmədovun bəraət almasına tənqidlə yanaşanlarla bərabər, təqdir edənlər də kifayət qədər çox idi: “Ancaq niyə isə hər kəs tənqidi görür. Halbuki 8 səfirlik, 4 beynəlxalq təşkilat REAL-ın atdığı addımlarla, İlqar Məmmədovun bəraəti ilə bağlı çox pozitiv məlumatlar yaydılar. Sosial şəbəkələrdə onlarla tanınmış insan təbrik postları yazdı. Mətbuat da, ictimaiyyət də bir neçə nəfərin öz səviyyəsinə uyğun şəkildə səsləndirdiyi fikirləri görür? Tənqid olsa idi, məmnuniyyətlə cavab verərdim”.
N.Cəfərli E.Quliyevin fikirlərini səviyyəsiz adlandırıb və qarşı tərəfə ismarıc yollayıb: “Burada tənqid yoxdur. Səviyyəsiz bir insanın öz səviyyəsinə uyğun sözləridir. Cavab verib, mən də onun səviyyəsinə düşüm? Hər səviyyəsiz sözə cavab verməyə borclu deyilik”.
“Tofiq Yaqublu həbsxanada ola-ola öz vəkili vasitəsilə bizə təbrik göndərib”
Başqa tərəfdən, REAL rəsmisi daha bir maraqlı faktı açıqlayıb. Daha dəqiq desək, bu gün nəyə görə “Milli Şura”nın üzvü Tofiq Yaqublunun da bəraət almaması məsələsini əllərində bayraq edib, REAL-çıları təhqir edənlərə N.Cəfərli arqumentli cavab verib və maraqlı fakt açıqlayıb. SİTAT: “İlqar bəyin bəraəti haqqında danışarkən, Tofiq Yaqublunun da adı çəkilir. Halbuki, Tofiq Yaqublu həbsxanada ola-ola öz vəkili vasitəsilə bizə təbrik göndərib. Bu qədər insanın, tanınmış ziyalının, vəkillərin, siyasətçilərin təbrikləri nədənsə müzakirə olunmur”.
“Müxalifət olmaq o demək deyil ki, eyni cür düşünməliyik”
Müxalifət partiyaları arasındakı ziddiyyətlərə gəlincə isə N.Cəfərlinin sözlərinə görə, bu partiyalar eyni mövqedə olmaq məcburiyyətində deyil:
“Vahid fikri, ideologiyanı müdafiə etsəydik, ayrı-ayrı partiyalarda təmsil olunmağımıza ehtiyac qalmazdı. Müxalifət olmaq o demək deyil ki, eyni cür düşünməliyik. Halbuki, REAL-dan başqa digər partiyaların bu günə qədər ideoloji platformasını ortaya qoyduğunu görməmişik...Təəssüf ki, özünə demokrat deyən bəzi müxalifət nümayəndələri çalışırlar ki, hər kəs məsələlərə onlar kimi münasibət bildirdin. Bu avtoritarizmin bariz nümunəsidir”.
Nəticədə bir daha məlum olur ki, Ə.Kərimlinin nəzarəti altında olanların REAL-a hücumları nəticə verməyib və bu baxımdan, E.Quliyev adlı “söyüş maşını” ortaya atılıb. Ancaq göründüyü kimi, aldıqları cavabları artıq bütün məsələləri tam çılpaqlığı ilə ortaya qoyur. Yəni görünən dağın bələdçiyə ehtiyacın olmadığı misalı öz yerini tutur. Hər halda, AXCP və “Milli Şura” cütlüyünün söyüş və təhqirləri artdıqca, hansı məqsədlərə xidmət etmələri də daha çox üzə çıxır. Xüsusilə, E.Quliyevin mənəviyyatsızlığı çərçivəsində...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB