“Həmsədrlər planlarını ya Ermənistana qəbul etdirə bilmirlər, ya da...” ÖZƏL-MÜNASİBƏT
Həmsədrlərin susqunluğunun birinci səbəbi odur ki, hazırda dünyada koronavirus epidemiyası var, bölgəyə də səfər edə bilmirlər və ona görə də istər-istəməz fəallıqları azalıb. Bu fikirləri SİA-ya müsahibəsində siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, digər tərəfdən həmsədrlərin fəallığının az olması həm də onunla bağlıdır ki, işğalçı ermənistana təsir etmək istəmirlər. “Ola bilsin ki, həmsədrlər özlərinin hazırladığı mərhələli planı ya Ermənistana qəbul etdirə bilmirlər, ya da qəbul etdirmək istəmirlər. Doğrudur, indi həmsədrlər çalışırlar ki, xarici işlər nazirləri videokonfrans çərçivəsində bir-birlərilə müzakirə aparsınlar. Amma bu müzakirənin də münaqişənin həllinə heç bir faydası yoxdur. Əgər canlı görüşlərdən bir nəticə yoxdursa, videokonfrans kimi bir görüşün hansı nəticəsi ola bilər? Sadəcə, həmsədrlər onlayn şəkildə belə bir müzakirəni təşkil etməklə atəşkəsi qorumağa çalışırlar. Çünki, qorxurlar ki, indi bölgəyə səfər etmədikləri müddətdə vəziyyət gərginləşə bilər və atəşkəs intensiv pozula bilər. Əlbəttə, Azərbaycan hər dəfə bəyan edib ki, münaqişənin həllində irəliləyiş olmayacaqsa danışıqlarda, Azərbaycan qəti addımlar atmaq məcburiyyətində qalacaq. Məhz elə bundan qorxurlar həmsədrlər. Elə qorxduqları üçün də çalışırlar ki, heç olmasa nə isə təmaslar olsun, onlayn konfranslar keçirilsin. Mən belə fikirləşirəm ki, həmsədrlərin iyirmi beş illik fəaliyyəti bunu göstərir ki, bir iyirmi beş ildə bundan sonra fəaliyyət göstərsə də Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edə bilməyəcək. Biz özümüz öz qərarımızı verməliyik”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB