Aprelin 19-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirov Çernobıl Atom Elektrik Stansiyası (AES) üzrə layihələrin həyata keçirilməsi üçün vəsait toplanması üzrə donor ölkələrin konfransı başa çatdıqdan sonra deyib ki, AYİB Çernobıl AES-in ekoloji təmiz obyektə çevrilməsi üzrə bütün işlərin 2015- ci ildə başa çatacağına ümid edir.
SİA-nın xəbərinə görə, AYİB Çernobıl layihələrinin reallaşdırılmasına 120 milyon avro ayırmaq niyyətindədir. Donor ölkələrin konfransında Ukrayna 550 milyon avro toplaya bilmişdir. "Örtmə" layihəsinin yekunlaşdırılması üçün Ukraynanın təxminən 740 milyon avro vəsaiti çatmırdı. AYİB-in direktorlar şurasının ayrılan vəsaitin 50 faiz artırılacağı barədə qərar qəbul edəcəyi istisna olunmur.
Ukraynada Çernobıl AES-də qəza 1986-cı il aprelin 26-da baş vermişdir. Stansiyanın dördüncü enerji bloku partlamış, reaktor tamamilə dağılmış, ətraf mühitə böyük miqdarda radioaktiv maddələr tullanmışdır. Bu, nüvə energetikası tarixində ən iri qəza hesab edilir.
Çernobıl AES-in qəzalı dördüncü enerji blokunun üzərində müvəqqəti sarkofaq inşa edilmişdir. Ukrayna hökuməti stansiyanı təhlükəsiz sistemə çevirəcək "Örtmə" layihəsi üzrə obyektin tikintisini 2015-ci ildə yekunlaşdırmağı planlaşdırır. Bundan başqa, ölkə hökuməti Çernobıl zonasını 2011-ci ildən turistlər üçün açmaq niyyətindədir. Turistlər insan sağlamlığı üçün təhlükəsiz olan xüsusi marşrutlarla həmin zonaya səfər edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB