"Azərbaycan regionda strateji mövqe tutur. Azərbaycan regiondan keçən bütün kommunikasiyaların üzərində dayanan bir ölkədir. Ona görə də münasibətlər dəyişilə də bilməz". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə şərhçi, politoloq İlqar Vəlizadə pandemiya dövründə Azərbaycanın digər ölkələrlə saxladığı münasibətlərdən və Azərbaycanın regionda oynadığı rolun əhəmiyyətindən danışarkən deyib.
Politoloqun sözlərinə görə, son hadisələr onu göstərir ki, Azərbaycan regionda çox nüfuzlu oyunçudur və bir neçə həftə bundan öncə Azərbaycan Prezidentinin sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının sammitinin keçirilməsi də bunun əyani sübutudur:
"Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən videokonfransda türkdilli dövlətlərin prezidentləri iştirak etdi. Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının tam üzvü olmayan Türkmənistan və Macarıstanın da rəhbərləri bu videokonfransda iştirak etdi. Bu Azərbaycana bölgə ölkələri tərəfindən olunan münasibətdən xəbər verir. Eyni zamanda sammitdən bir neçə gün sonra da Gürcüstan Prezidenti Azərbaycan Respublikası Prezidenti ilə telefonla əlaqə saxladı və bu təşəbbüs də sırf Gürcüstan tərəfindən edildi. Bu bir daha Azərbaycana qarşı qonşu ölkələrin münasibətini göstərir".
İlqar Vəlizadə vurğulayıb ki, bu müddət ərzində Rusiya ilə də bir neçə mühüm telefon danışıqları həyata keçirildi:
"Rusiya tərəfindən, Rusiya Baş naziri ilə telefon danışıqları aparıldı. Həmçinin bu müddət ərzidnə iki dəfə Rusiya ilə Azərbaycanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub. Eyni zamanda, İranın dövlət başçısı da Azərbaycan Prezidentinə zəng edərək öz minnətdarlığını bildirib. Baxmayaraq ki, pandemiya ilə əlaqədar karantin rejimi elan olunub, gediş-gəliş azalıb, lakin, yenə də münasibətlər qalır və dəyişilmir. Azərbaycana olan münasibətlər də dəyişilmir. Çünki, Azərbaycan regionda strateji mövqe tutur. Azərbaycan regiondan keçən bütün kommunikasiyaların üzərində dayanan bir ölkədir. Ona görə də münasibətlər dəyişilə də bilməz. İndiki dövrdə bir çox ölkə pandemiyadan sonrakı dövr haqqında düşünür. Bütün ölkələr başa düşürlər ki, post-pandemiya dövrü gələcək və bu dövr müəyyən dərəcədə mürəkkəb olacaq. Dövlətlər iqtisadiyyatlarını və münasibətlərini bərpa etməlidirlər. Belə bir vəziyyətdə də əlbəttə ki, Azərbaycanın strateji rolu və əhəmiyyəti daha da artacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB