Müsavat və AXCP-nin adlar daha hansı xəyanətlərdə hallanır? TƏRS BAXIŞ
Başqa zaman hay-küy salan "liderlər" koronavirusla mübarizə məsələsində qaçıb-gizlənirlər
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan xalqının həmrəyliyi və birliyi bir sıra ölkələr tərəfindən örnək kimi göstərilməkdədir. Belə ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin etdiyi həmrəylik çağırışına minlərlə insanlarımız səs verdi. İstər ölkə daxilində, istərsə də ölkə xaricində yaşayan həmvətənlərimiz əllərində olan bir çox imkanlarını səfərbər edərək, təhlükəli infeksiyaya qarşı yönəltdilər.
Daha bir maraqlı və sevindirici məqamlardan biri də budur ki, ölkə başçısının çağırışına siyasi mənsubiyyətindən asılı olmayan şəxslər də səs verdilər. Daha dəqiq desək, destruktivlikdən və radikallıqdan kənar olan bir sıra müxalifət partiyaları ehtiyacı olan ailələrə yardımlar etməklə ümumxalq birliyini nümayiş etdirirlər. Ancaq...
AXCP, Müsavat kimi partiyaların “mənəm-mənəm” deyən saxtakar “liderləri” daxillərində formalaşmış anti-xalq maraqlarını daha açıq şəkildə büruzə verirlər
Ancaq ortada olan faktlardan biri də daim “xalq”, “millət” kimi pafoslu fikirləri ilə gündəmdə qalmağa çalışan radikal xarakterli siyasi müxalifət partiyalarının belə bir vacib məqamda necə deyərlər, yaxalarını kənara çəkmələridir. Sanki onlar bu millətin, xalqın təmsilçiləri deyillər. Hətta bu qalsın bir yana, AXCP, Müsavat kimi partiyaların “mənəm-mənəm” deyən saxtakar “liderləri” daxillərində formalaşmış anti-xalq maraqlarını daha açıq şəkildə büruzə verərək, dövlət-xalq birliyinin uğurlarına kölgə salmağa cəhdlər göstərdilər. Koronavirus pandemiyasının epidemiya şəklində çoxalmasının qarşısını almaq, xalqın sağlamlığının mühafizəsini ən yüksək səviyyədə qorumaq üçün dövlətin gördüyü məhdudiyyət tədbirlərini, ciddi karantin rejimini şəxsi mənfəətləri naminə istifadə edən qaragüruhçular bu addımların guya onların “siyasi fəaliyyətlərinin” qarşısını almaq üçün atıldığını gülünc şəkildə iddia etdilər. Əlbəttə ki, belə bir sərsəm iddialar və yalanlar, şər-böhtanlar nəinki ayaq açıb yerimədi, əksinə belələrinin məkrli xislətlərini daha çox ifşa etmiş oldu.
Budurmu onların “xalq-millət” sevgisi?
İstər AXCP sədri Əli Kərimlinin, istər onun dirijor çubuğu ilə idarə olunan “Milli Şura”nın və bu ölü qurumun təmsilçilərinin, istər Müsavat partiyası rəhbərliyinin hay-haraylarını yalnız özləri və sosial şəbəkələrdəki trollarından başqa kimsə eşitmədi. Çünki eşidiləcək, inanılacaq heç nə yox idi...
İndi sual olunur ki, əcəba onların ehtiyacı olan ailələrə, hətta partiyalarında təmsil olunan şəxslərə göstərdikləri yardımlarla bağlı bir barmaqlarını qatlaya bilərlərmi? Axı bildiyimiz kimi məhz Əli Kərimli, yaxud Arif Hacılı öz kirli siyasətləri ucbatından həbslərlə düşmüş insanların ailələrini “siyasi məhbus” adı altında ziyarət edib, pul yardımlar göstəriblər. Şəkillərini də çəkib, göndəriblər onlara sifarişlər verən anti-Azərbaycan xarakterli xarici təşkilatlara. Yəni hesabat veriblər ki, onlara ayrılan pulların bir qismi “siyasi məhbuslara” xərclənib və s. Budurmu onların “xalq-millət” sevgisi?
Əslində daha bir fakt budur ki, Ə.Kərimlinin özünü və karantin rejimi pozanları “koronavirus məhbusu” elan etməsi, “blokadaya” alınması ətrafındakı siyasi oyunbazlığı cəbhə sədrinin nəinki xalqa, habelə dövlətə qarşı aşkar erməniçilik mövqeyinin bariz sübutudur. Çünki bu gün Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın siyasi dairələrinin sərsəm ittihamları ilə Ə.Kərimlinin qeyri-ciddi ittihamları arasında bağlılıq açıq şəkildə görünür. Bunun isə adı birbaşa xəyanətdir. Xəyanət isə əsla bağışlanmır, ələlxüsus da dövlətə, millətə və xalqa edilən iyrənc xəyanət!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB