Azərbaycanın ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır

Azərbaycanın ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır
2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayır. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, ərizə qəbulu elanının tam mətni "Abituriyent" jurnalının 2-ci sayında nəşr olunub. Onun sözlərinə görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 27-dən mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər: "SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına abituriyentdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da daxildir. Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent əvvəlcə ərizəsini ümumi qaydaya əsasən təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmaq üçün abituriyent aprelin 27-dən mayın 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edəcək. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçiriləcək. Birinci mərhələdə abituriyentlər test imtahanı verəcəklər. Test imtahanında topladığı ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. Jurnalda qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar qabiliyyət imtahanlarının keçirilməsi qaydalarında (ali təhsil müəssisələri üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə) verilib".

Qeyd edək ki, "Abituriyent" jurnalının 2-ci sayında həmçinin ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya bilcəyi nəzərə alınaraq jurnalın bu sayında 2010-cu ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Jurnalda həmçinin 2010-cu ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları, çətin testlərin izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə