"Prezident sosial qrupdan olan vətəndaşın həyatına xüsusi həssaslıqla yanaşır" AÇIQLAMA-ÖZƏL

"Prezident sosial qrupdan olan vətəndaşın həyatına xüsusi həssaslıqla yanaşır" AÇIQLAMA-ÖZƏL

"COVID-19 infeksiyası dünyada geniş vüsət almasına baxmayaraq, hazırda ölkə vətəndaşlarının normal həyat şəraitinin pozulmaması və insanların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələdir. Bu baxımdan Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məsələnin mənfi təsirlərini minimuma endirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

İlkin olaraq koronavirus infeksiyası ilə ön cəbhədə mübarizə aparan səhiyyə işçilərinin əməyi yüksək dəyərləndirildiyini deyən politoloq söyləyib ki, yaşlı insanlara yardım edən, onların gündəlik qayğıları ilə yaxından maraqlanan sosial işçilərin də əməyi yüksək qiymətləndirildi: "Prezident İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərən sosial işçilərə verilən yüksək dəyər, həm də dövlətin onlara olan diqqət və qayğısının bariz nümunəsidir".

Ş. Həsənova söyləyib ki, koronavirus pandemiyası ilə mübarizədə fərqlənən hər bir vətəndaş özünü dövlət qayğısından kənarda hiss etmir: "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi kimi müsbət istiqamətdə atılan addımlar bir daha sübut edir ki, ölkə başçımız hər bir təbəqədən və sosial qrupdan olan vətəndaşın həyatına xüsusi həssaslıqla yanaşır".

O qeyd edib ki, Cənab Prezidentin uğurlu sosial siyasəti nəticəsində bu günə qədər 80 min ailə, 300 mindən artıq fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunub: "Məhdudlaşdırıcı tədbirlərin mərhələli sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi birbaşa Prezidentimizin yürütdüyü praqmatik və çevik siyasətin uğurlu təzahürüdür. Ölkə başçımızın şəxsi təşəbbüsü və nəzarəti ilə inşa edilən 575 çarpayılıq “Yeni klinika” tibb müəssisəsi bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən 18 laboratoriya tibb işçilərinə bu amansız xəstəliklə mübarizə apararkən geniş imkanlar yaradır. Bundan əlavə, cənab Prezidentin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi videobağlantı formatında iclasında ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün 200 min əvəzinə 600 min insana dövlətin iki ay ərzində hər ay 190 manat vəsait verməsi barədə tapşırığı nəinki ölkə başçımızın uğurlu sosial siyasətinin, bilavasitə və xüsusilə onun yüksək humanist keyfiyyətinin ən aydın ifadə formasıdır. Bu baxımdan tam əminliklə deyə bilirik ki, İlham Əliyev hər bir sosial təbəqə nümayəndəsi olan vətəndaşın Prezidentidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə