"Xalqımız Prezidentin ətrafında sıx birləşib” ÖZƏL-MÜNASİBƏT

"Xalqımız Prezidentin ətrafında sıx birləşib” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmamasının qarşısının alınması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Məhz görülən vacib, qabaqlayıcı tədbirlərin nəticəsidir ki, bu infeksiyanın yayılması təhlükəli həddə deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, koronavirusla mübarizə tədbirləri Prezident İlham Əliyevin şəxsi nəzarəti altındadır. Onun sözlərinə görə, hazırda müvafiq strukturlar bu məqsəd üçün səfərbər olunublar. Cənab Prezident tərəfindən yaranmış şəraitlə əlaqədar iqtisadiyyatımızı, insanlarımızın sosial həyatını qorumaq üçün çox mühüm qərarlar verilib. Hökumətimiz dövlət başçısının tapşırıqlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusilə qeyd olunmalıdır.

“Ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir. Görülən bütün tədbirlər, şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu gün ölkə vətəndaşlarının cənab Prezidentə ünvanladığı çoxsaylı təşəkkür məktubları da insanların dövlətimizin rəhbərinə, Onun zəhmətinə verdiyi dəyərin təcəssümüdür. Bu fakt bir daha onu göstərir ki, xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib və birliyi heç bir qüvvə poza bilməz”-deyə, S.Fətəliyeva vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə