"Prezidentin bütün fəaliyyəti hər birimizin gözü qarşısındadır" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin bütün fəaliyyəti hər birimizin gözü qarşısındadır" ÖZƏL-MÜNASİBƏT

"Demokratik-hüquqi dövlətlərdə hakimiyyətin qaynağı xalqdır. Yəni, xalq azad və ədalətli seçki yolu ilə dövlət hakimiyyətini formalaşdırır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, elektoratın etimadı ilə hakimiyyətə gəlmiş şəxslərin, siyasi qüvvələrin xalqın və dövlətin maraqları, rifahı və inkişafı naminə çalışması üçün müxtəlif ictimai nəzarət formaları, metodlarından istifadə olunur: "Zəmanəmizdə illərin sınağından çıxmış belə tutarlı ictimai nəzarət instrumentlərindən biri rəy sorğularıdır. Bu vacib sosioloji tədbir hakimiyyətin zirvəsindəki bu və ya digər siyasətçinin, dövlət hakimiyyəti institutlarının xalqın,cəmiyyətin gözündə, şüurunda, qəlbində yerini, qiymətini müəyyən edir.

Bu sorğularda yüksək rəy almaq, təbii ki, hər bir siyasətçinin arzusudur. Lakin, burada arzular heç nəyi həll etmir. İnamı və etimadı qazandıran siyasətçinin əməli, işi, seçicilərə verdiyi vədləri yerinə yetirməsi, milli və dövlət maraqlarını hər şeydən üstün tutması, ictimai davranışı nümunəvi şəxsi keyfiyyətləridir. Bu baxımdan mən bu günlərdə nəticələri açıqlanmış Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2020-ci ilin son üç ayının yekunları əsasında apardığı rəy sorğusunu müsbət qiymətləndirirəm. Demək olar ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən sosioloji sorğuya cəlb edilən çoxsaylı respondentlərin mütləq əksəriyyəti-94,5% Prezident İlham Əliyevə inandığını və etimad göstərdiyini birmənalı şəkildə ifadə etmişdir.

Atalarımızın belə bir gözəl sözü var: "Görünən dağa bələdçi lazım deyil". Bəli İlham Əliyevin bütün fəaliyyəti hər birimizin gözü qarşısındadır. Bu fəaliyyətin mərkəzində hər bir Azərbaycan vətəndaşının rifahının getdikcə yaxşılaşdırılması, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, dövlətimizin daha da qüdrətlənməsi dayanır. Prezident İlham Əliyevin son dərəcədə bacarıqlı, istedadlı, təcrübəli bir hakimiyyət ustası olduğunu onun koronavirus epidemiyasına qarşı ölkəmizdə təşkil etdiyi səmərəli, çevik və ardıcıl mübarizə bunu bütün dünyaya bir daha sübut etdi. Məhz dövlət başçımızın fədakar, yorulmaz əməyinin nəticəsidir ki, Azərbaycan təhlükəli koronavirus infeksiyasının törətdiyi itkilərə ən az məruz qalan ölkələr sırasındadır. Belə yerdə deyiblər: "Elin gözü tərəzidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə