"AŞPA-nın möqveyi separatizmi qəbul etmək anlamına gəlir" - ŞƏRH ÖZƏL
“Biz bütün dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan Prezidentinin Valday beynəlxalq diskusiya klubunda çıxışı ilə, eyni zamanda Aşqabadda MDB dövlət başçıları şurasının toplantısında Ermənistan dövlətini təbliğ və təşviq işinə görə ifşa etməklə və həmçinin Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti Ermənistan baş naziri ilə debatı zamanı ona əsl tarix və siyasət dərsi keçməklə, Ermənistanın işğalçılıq siyasətinin bütün anatomiyasını açıb göstərməklə əslində bu dövlətin təbliğat maşınını darmadağın etmiş oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi ekspert Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, cənab Prezident Azərbaycan əleyhinə onların beynəlxalq ictimai fikirdə formalaşdırmağa cəhd etdikləri mənfi obrazı tamamilə məhv etdi: “Sözün əsl mənasında beynəlxalq ictimaiyyət birdəfəlik əmin oldu ki, Ermənistan işğalçı dövlətdir. Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Yəni Ermənistanın bununla da qəsbkar, işğalçı kimi beynəlxalq ictimai fikirdə yeri daha da möhkəmlənmiş oldu. Təbii ki, Ermənistan baş naziri Paşinyan çox gözəl bilirdi ki, Azərbaycan Prezidentinin bu uğurlu diplomatik addımları onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mövqelərini olduqca sarsıdıb. Belə olan vəziyyətdə o, cürbəcür təxribatlara, siyasi averturalara əl atıb ki, müəyyən mənada özünün müsbət imicini formalaşdıra bilsin. Hesab edirəm ki, Ermənistanın qondarma rejimdə keçirdiyi saxta prezident və parlament seçkiləri də bu məntiqdən qaynaqlanırdı. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla bütün beynəlxalq qurumlar, eyni zamanda bütün dünya ölkələri koronavirus pandemiyası ilə əlaqədar həyəcan təbili çalırlar və bu pandemiyaya qarşı hər bir dövlət öz gücü və potensialı sayəsində müqavimət göstərməyə çalışır. Bu cür vəziyyətdə seçkilərin keçirilməsi, insanların kütləvi şəkildə toplamaları bu gün bütün dünyada yaşanan səhiyyə böhranı zamanı atıla biləcək ən yanlış addımlardandır. Pandemiya dövründə Dağlıq Qarabağda yaşayan əhalinin də sağlamlığını sual altında qoyaraq qondarma seçkilərin keçirilməsi əslində bir daha bu dövlətin nə qədər simasız və səfil olduğunu sübut etdi. Bu “seçkilərin” nəticələrini isə heç bir dünya dövləti, heç bir beynəlxalq təşkilat tanımadı. Bunun mənası isə odur ki, beynəlxalq ictimaiyyət növbəti dəfə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləmiş oldu”.
Politoloq bildirib ki, prezident İlham Əliyev də ilin birinci rübünün sosial-iqtisadi inkişafı ilə bağlı video konfrans vasitəsilə keçirdiyi müşavirədə də bu məqama xüsusi diqqət çəkərək qeyd etdi ki, bu Ermənistanın təxribatlı addımıdır və bu addım uğursuzluqla nəticələndi: “Beynəlxalq birlik bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Cənab Prezident bu kontekstdə xüsusilə bir təşkilatın üzərində dayandı və bildirdi ki, yeganə təşkilat Avropa Şurasının Parlament Assambleyası gözləmə mövqeyindədir. Başqa beynəlxalq təşkilatların ATƏT-in Parlament Assambleyasının, Avropa İttifaqının, hətta bir çox hallarda Azərbaycana qarşı qərəzli mövqedə dayanan Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının, NATO Parlament Assambleyasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların davranışından fərqli olaraq AŞPA qondarma seçkilərlə bağlı heç bir mövqe ortaya qoymadı. Əslində bu susqunluq və bu qondarma seçkilərə qiymət verməmək razılıq əlaməti, dolayısıyla bu “seçkilərin” nəticələrini tanımaq mənasına gətirib çıxarır ki, bu da tamamilə qəbuledilməzdir”.
E.Nəsirov vurğulayıb ki, AŞPA-nın bu möqveyi separatizmi qəbul etmək anlamına gəlir: “Eyni zamanda cənab Prezident çıxışında da qeyd etdiyi kimi Azərbaycan üzrə AŞPA-nın təyin etdiyi məruzəçilərin də heç bir mövqe bildirməməsi, separatçıların keçirdiyi bu qondarma seçki ilə əlaqədar mövqe ortaya qoymaması, pisləməməsi bütün bunlar təəccüb və təəssüf doğurur. Onların Azərbaycan üzrə məruzəçi olması üçün heç bir əsasları və haqqları yoxdur. Bu “seçkilər” və ona beynəlxalq aləmin reaksiyası bir daha nümayiş etdirdi ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hücum taktikasına söykənən, milli maraqlara istinad edilən, müstəqil xarici siyasət kursu çox ciddi uğurlar qazanmaqdadır və bu gün Azərbaycanın Ermənistan üzərində həm siyasi, həm diplomatik, həm də hərbi üstünlüyü daha da möhkəmlənməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB