"Prezidentə minnətdarlıq məktubları öz dövlətinə ümid və inamın ifadəsidir" ÖZƏL-MÜNASİBƏT
Dünya “COVİD-19” adlı gözəgörünməz düşmənlə “elan olunmamış müharibə” vəziyyətindədir ki, dinindən, irqindən, cinsindən, milli mənsubiyyətindən, sosial durumundan asılı olmayaraq, ümumi bir bəla hamını təhdid edir və əlbəttə, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər hansı bir sıravi adamın yalnız özünü qoruması faktı da, təqdirəlayiqdir, lakin kütləvi təsirə malik dəstək göstərən səlahiyyətli orqanların işi bir başqadır. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, bütün ölkələrdə əsas güc və məsuliyyət dövlətlərin, müvafiq dövlət orqanlarının üzərinə düşür və dövlət-xalq birliyi mövcud olan ölkələrdə mümkün olan ən az itki ilə ən yaxşı nəticəyə ümid, inam vardır.
“Dövlət müstəqilliyinin bərpasından 29 ilə yaxın vaxt keçən respublikamız, bu sahədə özünəməxsus gerçəklikləri ilə seçilir. Şəxsən dövlət başçımızın təmkini, qəbul etdiyi qərarlar, hadisələri şəxsən nəzrətdə saxlaması ümumxalq məhəbbəti ilə cavab bulmaqdadır. Ümumxalq məhəbbəti həm qədirşünaslıq hadisəsidir, həm də öz dövlətinə ümid və inamın ifadəsidir.
Məlumdur ki respublikamız adıkeçən virusun qorxunc şəkildə yaxaladığı Çin və İtaliya ilə sıx iqtisadi-ticari əlaqələrə malikdir, İranla isə sınır qonşusuyuq. Bu tərəfdən, torpaqlarımızın bir hissəsi düşmən işğalı altındadır, orada qanunsuz keçidlərin, narko-ticarətin, digər qanunazidd fəaliyyətlərin mövcudluğu haqqında ciddi məlumatlar olduğunu bilirik. Üstəlik, biz ada dövləti deyilik, planetin “künc”ündə yerləşmirik, əhalimiz də az deyil. Bir sözlə, ümumən Qafqazlar risk zonası sayıla bilər və respublikamız pandemiya ilə yaxın tarixdə bu şəkildə üz-üzə qalmayıb, ona görə də, yetərli təcrübəyə malik olmadığımız məlumdur.
Bununla belə, koronovirus ÜST tərəfindən pandemiya elan olunan kimi, bu bəşəri problemə qarşı ən təsirli mübarizə metodları tətbiq edən respubikalardan biri biz olduq. İndiyədək görülmüş işlər ictimaiyyətimizə bəllidir. Nazirlər Kabineti ardıcıl olaraq, vətəndaşlarımızı bilgiləndirir və mən təkrarçılığa yol vermədən vurğulamaq istərdim ki, bax, bu və bənzəri amillər qarşılığında koronovirusa qarşı uğurlu Azərbaycan dirənişinin qədirbilən vətəndaşlarımız tərəfindən görülməsi, bilinməsi, idrak edilməsi çox xoşdur!
Azərbaycan Prezidentinin rəsmi saytına baxdıqda, respublikamızın hər tərəfinsən bir ünvana – Ağ Saraya göndərilən çoxsaylı ağüzlü məktublarla tanış oluruq. O məktublar ümiddir, inamdır, alqışdır, duadır, əminlikdir!
Üzünüz ağ olsun, qardaşlar!
Gününüz ağ olsun, bacılar!
Dövlətçilik, vətənpərvərlik duyğularınız, şükranlığınız bir yazar, bir oxucu olaraq şəxsən mənə savab, kəramət iqlimi təsiri bağışladı”, deyə Əkbər Qoşalı öz təəssüratlarını bölüşüb.
Bununla yanaşı Atatürk Mərkəzinin şöbə müdiri Çoxsaylı məktublardan bir neçəsini də nəzərə çatdırıb.
Ağdam rayonu, Xındırıstan kəndindən Baxşəliyev Nurlan Cavanşir oğlu, Qasımov Məzahir Tahir oğlu, Hümbətov Aqil Məsi oğlunun birgə imzaladığı məktubda yazılır:
“Hörmətli cənab Prezident.
Sizin rəhbərliyimizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi.
Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin bizə “Evdə qal” şəraitində yaşadığımız halda yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik, cənab Prezident!”
Füzuli rayonun sakini, Milli Qəhrəman ailəsi Quliyeva Ülviyyə Qabil qızı isə ürək sözlərini bu şəkildə ifadə edir:
“Hörmətli cənab Prezident.
Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Belə çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq”.
Bu isə Bərdədən Vahidi Yusif Fərhad oğlunun yazdığı məktubdur:
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik”.
Mərkəzin şöbə müdiri xüsusilə vurğulayıb ki, bəli, məhz Birlikdə güclüyük! O, həmçinin qeyd edib ki, bəli, biz qalib gələcəyik!
“İlham Əliyev adı ilə qoşa çəkilməyə ən çox yaraşan söz məhz Qalibiyyətdir. Biz inanırıq ki, dövlətimiz öz qarşısında duran bütün tarixi vəzifələri cənab Prezidentin başçılığı ilə yerinə yetirəcək. Elan olunmamış dünya müharibəsində bəşəriyyətin ümumi qələbəsinə verəcəyimiz özünəməxsus töhfələr, bizim məruz qaldğımız başqa bir elan olunmamış müharibədə - Qarabağda, ərazi bütövlüyümüzün bərpasında qələbə rəhni olacaq!
Xalqımızın şükaranlıq duyğusu, o duyğuları cümlələrə çevirməsi və Ağ Sarayı sevgi, alqış yağmuruna tutması, ictimai fikrimizin bərəkətidir və cəmiyyətşünaslığımızın məhsuldarlığına xidmət edir! Dövlətimiz zaval görməsin, bayrağımız uca olsun! Qədirbilən xalqımıza eşq olsun!”, deyə Əkbər Qoşalı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB