"Yeni siyasi partıyaların qeydiyyatı yeniləşmənin ikinci fazasını təşkil edir" ÖZƏL-MÜNASİBƏT

"Yeni siyasi partıyaların qeydiyyatı yeniləşmənin ikinci fazasını təşkil edir" ÖZƏL-MÜNASİBƏT

"Ölkəmizdə həyata keçirilən islahatlar təkcə sosial-iqtisadi sferaları deyil, cəmiyyətimizin bütün sahələrini əhatə edəcək qədər genişmiqyaslı siyasi sistemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər dərindir. Əslində böyük reformlar bir qədər də onu təmin etməli olan siyasi dinamizmlə bağlı olur. Çünki iqtisadi canlanma yaxud islahatlar siyasi dinamizmlə tamamlanmasa siyasi-iqtisadi sistemdə arzuolunan inkişaf tendensiyası yaratmaq çətin olur. Ona görə də Ədliyyə Nazirliyi tərəfindən yeni siyasi partiyaların qeydiyyata alınması islahatlar siyasətinin məntiqi nəticəsi kimi başa düşülməlidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, hər yeni siyasi partiya özlüyündə cəmiyyətə yeni siyasi dəyərlər təqdim edən və bu dəyərlər ətrafında insanları təşkilatlandıran bir institutdur: "Əgər məqsəd siyasi sistemi zənginləşdirmək, onu daha da rəngarəng etməkdirsə, əgər məqsəd siyasi palitraya yeni effektiv rəng qatmaqdırsa əlbətdə bunu yalnız alqışlamaq lazımdır. Ona görə də Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və "Yeni Zaman" Partiyasının qeydiyyata alınması olduqca müsbət haldır. Ancaq onu da qeyd etmək yerinə düşər ki, siyasi sistemimizdə yeni konfiqurasiyanın qurulması xeyli vaxtdır başlayıb və yeni formalaşan parlament təcrübəsində bu artıq öz əksini tapıb. Milli Məclisin sədr müavini parlamentə ikinci səs çoxluğuna sahib olan partiyanın nümayəndəsi seçilib. Komitənin sədr və müavinləri səviyyəsində müxalifətin təmsilçiliyi xeyli dərəcədə artıb. Yeni siyasi partiyaların qeydiyyatı isə faktiki olaraq siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir. Ancaq şübhəsiz ki, bu prosesin uzunmüddətli və davamlı olacağını da proqnozlaşdırmaq mümkündür. Çünki ölkəmizdə həyata keçirilən islahatların məntiqi bunu diqtə edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə