"Sosial xidmətlər göstərən işçilər də dövlətin diqqət mərkəzindədir” RƏY-ÖZƏL
“Bütün dünyada minlərlə insan itkisinə və böyük iqtisadi fəsadlara səbəb olan koronavirus COVİD-19 infeksiyası ilə ölkəmizdə də mübarizə aparılır, ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Bu mübarizənin önündə Azərbaycan həkimləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudlaşdırıcı tədbirlərinə riayət etməyə çağıran Azərbaycan polisləridir. Lakin bununla yanaşı, 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərən sosial işçilər də dövlətin diqqət mərkəzindədir”. Bu fikirləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Sosial işçilərin ahıl insanlara yardım etdiyini, onların gündəlik qayğıları ilə maraqlandığını deyən politoloq söyləyib ki, Prezident İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır.
İ. Hüseynov vurğulayıb ki, sərəncama əsasən sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib: “Müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb”.
O qeyd edib ki, bu gün koronavirus pandemiyası ilə mübarizədə fərqlənən heç bir vətəndaş özünü dövlət qayğısından kənarda hiss etmir: “Azərbaycan koronavirus pandemiyasından ən az ziyan çəkən ölkələr sırasındadır. Bu nəticəyə dövlət qayğısı ilə yanaşı vətəndaşlarımızın məsuliyyəti sayəsində nail olunub. Ölkəmizdə fəaliyyət göstərən sosial işçi institutu da bu gərgin günlərdə özünü müsbət tərəfdən göstərməklə fərqlənməyə müvəffəq olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərlə yanaşı, ölkənin müxtəlif İctimai birliklərinin və qurumlarının əməkdaşları öz dəstəyini əsirgəməyib və milli həmrəylik nümayiş olunub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB