“2020-ci ilin uğurla başlamasına səbəb islahatların davamlı şəkildə aparılmasıdır” MƏŞHUR MƏMMƏDOV
“Prezident İlham Əliyevin videokonfrans rejimində ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə vurğuladığı fikirlər və önə sürdüyü hər bir tezis ilk növbədə sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır və bu gerçəklik aparılan siyasətdə özünü kifayət qədər sübuta yetirib”. Bu fikirləri SİA-ya millət vəkili Məşhur Məmmədov sözügedən mövzunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında ilin birinci rübünün yekunlarından danışarkən ilk növbədə vurğulayıb ki, 2020-ci il uğurla başlayıb və bunun əsas tərəfi islahatların davamlı şəkildə aparılmasıdır: “Təkcə cari il başlayandan hazırkı dövrə qədər dövlətimizin başçısı tərəfindən xalqın sosial-rifah halının yaxşılaşdırılması, sosial yönümlü layihələrin icrası, eləcə də regional və beynəlxalq müstəvidə atdığı hər bir addım, verdiyi hər bir qərar münbit nəticələrini göstərməkdədir. Bu baxımdan, ilin birinci rübünün yekunlarının müzakirəsi zamanı ölkə liderimiz vurğuladı ki, ilin əvvəlinin göstəriciləri Azərbaycanda islahatların davam etdirilməsinin bariz sübutudur. Çünki əldə edilən nəticələr də həmin reallığı əks etdirməkdədir”.
“Bu mövzunu tam şərh etməmişdən öncə, mən daha bir vacib məsələyə toxunmaq istərdim”, deyən Məşhur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin sosial xidmət əməkdaşlarının sosial-rifah hallarının daha da yaxşılaşdırılması üçün imzaladığı Sərəncam qeyd edilən fikirlərin davamıdır: “O cümlədən, dövlətimizin başçısı bu günümüzün qəhrəmanlarına çevrilmiş səhiyyə işçilərinin də sosial təminatlarının daha da yaxşılaşdırılması üçün müvafiq Sərəncamını imzalayıb. O cümlədən, koronavirusun dünyada tüğyan etdiyi bir dönəmdə sosial təminata ehtiyacı olan ailələrə də birdəfəlik 190 manat vəsaitin ödənilməsi qərarı Azərbaycan dövlətinin daim xalqının xidmətində dayanması faktorunu ehtiva etməkdədir”.
Deputat bildirib ki, bu gün bəşəriyyət çətin sınaq qarşısındadır və hətta ən güclü dövlətlər koronavirus pandemiyası ilə mübarizədə çətinlik çəkirlər: "Bu baxımdan, müəyyən iqtisadi çətinliklər də yaranır ki, həmin məsələ anlaşılandır. Dövlət başçımız müşavirə zamanı qeyd etdi ki, dünya ölkələri ilə yanaşı, Azərbaycan da müəyyən geriləmələr oldu ki, bu da təbiidir. Artıq bəllidir ki, koronavirus həqiqətən də bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemlər yaradır. Amma buna baxmayaraq, ölkəmiz qarşıya qoyulan sosial yönümlü layihələrin icrasını davam etdirdi ki, bu gün Azərbaycan nümunə olan ölkələr sırasında ilkin yerlərdən birini tutmaqdadır. Bu baxımdan da, əminliklə deyə bilərik ki, inkişaf və tərəqqi amili davam edir və qarşıya qoyulan hədəflərə çatmaq üçün proqramlar həyata keçirilir”.
Deputat hesab edir ki, bütün qeyd olunanlarla yanaşı, Azərbaycan dövləti beynəlxalq müstəvidə də öz sözünü deyir, öncüllük prinsipindən çıxış edərək, mövcud vəziyyətdən çıxış yollarını arayır, tövsiyələr, təkliflər və ideyalarla çıxış edir: “Bir neçə gün əvvəl məhz Prezident İlham Əliyev cənablarının çağırışı əsasında Türk Dövlətləri Şurasının video-konfransı baş tutdu. Dünyada cərəyan edən COVID-19 epidemiyasının qarşısının qısa müddətdə alınması istiqamətində fikir mübadilələri aparıldı, qərarlar qəbul olundu. O cümlədən, Şuraya üzv ölkələrlə iqtisadi münasibətlərin davamlığı istiqamətində bir sıra mühüm bəyanatlar səsləndirildi. Bütün bunlar əlbəttə ki, bizləri fərəhləndirən amillərdir ki, Azərbaycan dövləti istər regionda, istərsə də dünyada söz sahibi qismində çıxış edir”.
Məşhur Məmmədov sonda vurğulayıb ki, xalqımız tarixlər boyu bir çox çətin sınaqlardan çıxıb və bu sınaqdan da üzüağ çıxacağına kimsə şübhə edə bilməz: “Çünki ölkəmizdə ilk növbədə xalq-iqtidar birliyi mövcuddur. Hakimiyyətin verdiyi hər bir qərar bilavasitə xalqın qayğısına qalmaq üçün hesablanıb. Təəssüf ki, bu gün özlərini müxalifət lideri adlandıran bir qrup marginallaşmış "beşinci kolon" ünsürləri xalqın birliyini həzm edə bilmirlər. Bu, ondan irəli gələn haldır ki, belələri Azərbaycanın inkişafını istəməyən və erməni lobbisinin təsirləri altında fəaliyyət göstərən xarici qurumların qarşısında xəyanətkarlıq öhdəlikləri götürürlər. Qrantlar, maliyyələr qarşılığında düşmənçilik toxumları səpməyə çalışırlar. Ancaq göründüyü kimi, bütün bunlar alınmır. Çünki bayaq da qeyd etdiyim kimi, xalq-iqtidar birliyi, sarsılmazlığı bu cür mənfur qüvvələrin ayaq açıb yerimələrinə heç vaxt imkan verməyib, bundan sonra da verməyəcək. Bu gün qədirbilən xalqımız Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşib və Onun verdiyi qərarları alqışlayır. Düşünürəm və inanıram ki, ölkəmiz qısa zaman kəsimində koronavirusla mübarizədə qalib tərəf olaraq ayrılmaqla yanaşı, həm də qarşıdakı növbəti zamanlarda ardıcıl sosial-iqtisadi zəfərlərin də şahidlərinə çevriləcək”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB