Zirvə görüşü Türk Şurası ölkələri üçün Yol Xəritəsi oldu TƏHLİL

Zirvə görüşü Türk Şurası ölkələri üçün Yol Xəritəsi oldu TƏHLİL

Azərbaycan Prezidenti Türk dünyasını koronavirusla mübarizədə birləşdirir

Türk Şurasının fövqəladə Zirvə görüşünün dünyanın diqqətini cəlb etdyinə zərrə qədər şübhə ola bilməz və həqiqətən də bu görüş sözün əsl mənasında diqqətə layiqdir. Çünki, hal-hazırda dünyanı daha çox maraqlandıran koronavirus pandemiyasıdır ki, bu da məhz həmin zirvə görüşünün müzakirə mövzusu olmaqla aktuallıq dərəcəsinə görə hər bir məsələdən öndədir. Üstəlik, bu görüş həm də mövcud pandemiyaya qarşı birləşmək istiqamətində bir ilk olmaqla, digər beynəlxalq təşkilatlara, qurumlara həmrəylik nümunəsi kimi tarixə yazıldı və yaddaşlara həkk olundu.

Dünyanı təsiri altına almış pandemiyaya qalib gəlməyin yeganə yolu həmrəylikdir

Etiraf etmək lazımfır ki, Türk Şurasının fövqəladə Zirvə görüşünü keçirməklə ölkə başçımız koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanda olan həmrəylik təcrübəsini beynəlxalq müstəviyə daşıdı. Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlar, eləcə də dünyanın bütün ölkələri etiraf edirlər ki, dünyanı təsiri altına almış pandemiyaya qalib gəlməyin yeganə yolu həmrəylikdir. Etiraf edirlər ki, ilk növbədə ölkələrin daxilində, cəmiyyət arasında yaradılan həmrəylik paralel olaraq, ölkələrarası münasibətlərdə də davam etdirilməlidir.
Unutmaq lazım deyil ki, uzun müddət həmrəyliyə nail ola bilməmək Avropa ölkələrinə çox baha başa gəldi. Məhz belə bir həmrəyliyin olmaması səbəbindən, İtaliya, İspaniya, Fransa kimi inkişaf etmiş ölkələrdə faciəvi vəziyyət yarandı. Çoxlu sayda itgilərin olması və virusun öz sərhədlərini aşaraq çoxlu sayda insana ötürülməsi də elə bu səhvin acı nəticələrini ortaya qoydu. Təsəvvür edəndə ki, ötən əsrin ortalarında yaradılan Avropa İttifaqı kimi bir beynəlxalq qurum məhz həmrəyliyin olmaması səbəbindən dağılmaq təhlükəsi ilə üz-üzə qalıb, həmrəyliyin fəlsəfəsi, mahiyyəti və əhəmiyyəti hər kəsə tam şəkildə aydın olur. Məhz bu həmrəyliyin olmaması, ittifaqa üzv dövlətlərin bir-birinə dəstək verməməsi onu deməyə əsas verir ki, həmin ölkələr bundan sonra çətin ki, belə dırnaqarası ittifaqda qalmaqda maraqlı olsunlar. Çünki, hər biri ayrı-ayrılıqda dərk etdi ki, həmrəylik olmayan yerdə ittifaqdan da söhbət gedə bilməz. Bu isə o deməkdir ki, Avropa İttifaqının mövcudluğu özü bundan sonra sual altında qalır və buna səbəb məhz həmrəyliyin olmamasıdır.
Avropa ölkələrində, eləcə də Aİ kimi beynəlxalq təşkilat daxildində həmrəyliyin olmaması ilə bağlı müşahidə edilən təcrübə, onun acı nəticələri təsdiq edir ki, ölkə başçısının, Cənab Prezident İlham Əliyevin həmrəyliklə bağlı strategiyası xüsusi əhəmiyyətə malikdir. Unutmaq lazım deyil ki, virusun yayılmağa başladığı ilk andan ölkəmiz bütün önləyici tədbirlərin həyata keçirilməsi ilə kifayətlənilmədi və ölkə başçısının 19 mart tarixli sərəncamı ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu da yaradıldı. Sahibkaraları, muzdla çalışanları, işsizləri, ümumiyyətlə ölkə vətəndaşını əhatə edən proqramlar ortaya qoyuldu. Vətəndaşların ilk növbədə sağlamlığının qorunması, həmçinin ölkə iqtisadiyyatının sığortalanması üçün külli miqdarda vəsaitlər ayrıldı. Bununla belə, ölkə başçısı, Azərbaycan Prezidenti Cənab İlham Əliyev, eyni zamanda Vitse-Prezident Mehriban xanım Əliyeva bir illik əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna iyanə etdilər ki, məhz bu da həmrəyliyin ən bariz nümunəsi, həmrəyliyə, birliyə əsl örnəkdir.

Əməkdaşlığın itirilməməsi üçün nümunə olan Zirvə görüşü tarixi hadisədir və türkdilli dövlətlər üçün təqvimə yazılacaq

Bütün dünya ictimaiyyəti etiraf etməlidir ki, Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü ilk növbədə pandemiyanın az qala darmadağın etdiyi beynəlxalq münasibətlərin bərpası üçün bir addım, bir nümunədir. Çünki, artıq bir müddətdir ki, beynəlxalq münasibətlərdə axsama özünü açıq-aşkar göstərir və bu baxımdan ölkə başçısının təşəbbüsü ilə reallaşan Zirvə görüşü bu arzuolunmaz halın aradan qaldırılması istiqamətində bir ilk olaraq qəbul olunmaqdadır. Bu görüşün eyni zamanda həmrəyliyin olmaması səbəbindən digər ittifaq ölkələrinin üzləşdiyi problemdən Türk Şurası ölkələrini xilas etdiyi də günün reallığıdır. Bu baxımdan, beynəlxalq münsibətlərdə ölkələrarası əməkdaşlığın itirilməməsi üçün bir nümunə olan Zirvə görüşü sözün həqiqi mənasında tarixə düşdü və bu həqiqətən də bir tarixi hadisədir. Heç şübhəsiz ki, 10 aprel tarixi ən azından türkdilli dövlətlər üçün təqvimə yazılacaq tarixdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün əhəmiyyətini sadalamaqla bitmir. Əvvəla, bu görüş vasitəsilə Azərbaycan pandemiya ilə mübarizədəki təcrübəsini digər üzv ölkələr ilə paylaşıb ki, bunun əhəmiyyəti heç də az deyil. Digər tərəfdən, bu, eyni zamanda həmrəyliyin əldə edilməsi və pandemiyaya qarşı birgə mübarizədə böyük nailiyyətdir. Həmçinin ölkələr arasında daşımaların və iqtisadi əlaqələrin zəifləməməsi üçün də bir töhfədir. Cənab Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirak etdiyi fövqəladə Zirvə görüşündə çıxış edərkən, əsas məqsədin milli səviyyədə atdılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi olduğunu da diqqətə çatdırıb. Bu da öz növbəsində deyilənləri təsdiq edir və sübut edir ki, Zirvə görüşü, sözün əsl mənasında həm təcrübə mübadiləsində, həm qarşılıqlı dəstək göstərilməsində, həm də xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsində əvəzsizdir.

Zirvə görüşü və Azərbaycan Prezidentinin çıxışı Türk Şurası ölkələri üçün bir Yol Xəritəsi sayıla bilər

Əlbəttə ki, Azərbaycan dünya ölkələrinin iqtisadiyyatına böyük zərbə vuran koronavirus bəlasından Türk Şurasına üzv ölkələrinin daha az itki ilə çıxması yolunu təklif edir. Zirvə görüşündəki öz nitqində də Prezident İlham Əliyev bildirib ki, ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir”, deyə dövlət başçısı diqqətə çatdırıb və Azərbaycan Prezidentinin bu nitqi, bu çıxışı əslində, pandemiya ilə mübarizədə Türk Şurası ölkələri üçün bir Yol Xəritəsi sayıla bilər. Bu Yol Xəritəsi də öz növbəsində epidemiyanın yayılmasının qarşısını almaq, qurbanların sayının zaldılması, iqtisadi əməkdaşlığın qorunması, eləcə də sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, prosesdən minimum itki ilə çıxılması üçün əsaslı zəmin yaradır. Heç şübhəsiz ki, Cənab prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan Zirvə görüşü ilə Azərbaycan ümumilikdə türk dünyasını koronavirusla mübarizədə birləşdirə bildi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə